Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"E-Qidam" mobil tətbiqi ictimaiyyətə təqdim olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində ictimai nəzarətin gücləndirilməsi, bu sahədə istehlakçı hüquqlarının qorunması və vətəndaş şikayətlərinin operativ şəkildə icrasının təmin edilməsi məqsədilə hazırlanan "E-Qidam" mobil tətbiqi media vasitəsilə ictimaiyyətə təqdim olunub.
Oxu.Az xəbər verir ki, təqdimat zamanı tətbiqin tanıtım videoçarxı nümayiş olunub.
Media subyektlərinin nümayəndələrinə mobil tətbiqin məqsədi və istifadə qaydaları haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, vətəndaşlar qida sahəsində hər hansı bir neqativ halla rastlaşdıqda, bu barədə "E-Qidam" tətbiqi vasitəsilə dərhal AQTA-ya bildirə biləcəklər.
Tətbiqin əsas üstünlüyü qida təhlükəsizliyinin təmin olunması prosesində vətəndaşların aktiv iştirakı ilə ictimai nəzarəti təmin etmək və baş verən hər hansı neqativ hallara qarşı təsir imkanlarını genişləndirməkdir.
Həmçinin vurğulanıb ki, vətəndaşlar tətbiqdən istifadə etmək üçün "Android" və "iOS" əməliyyat sistemli mobil telefonlar vasitəsilə "E-Qidam" mobil tətbiqini telefonlarına yükləyə bilərlər.
Qeydiyyatdan keçən istifadəçilər hər hansı şikayəti göndərmək üçün "Müraciət göndər" bölməsinə keçid etməli, ardınca şikayət olunan qida məhsulunun adı və satışının həyata keçirildiyi ünvanı qeyd edib "Göndər" düyməsinə klikləməlidirlər.
Şikayət agentlik tərəfindən qəbul edilərək qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Vətəndaşlar "Müraciətlərim" bölməsinə daxil olaraq müraciətlərinin icra vəziyyəti haqqında məlumat əldə edə biləcəklər.
Bundan başqa, vətəndaşlar mobil tətbiq vasitəsilə qida təhlükəsizliyi ilə bağlı görülən işlər, tədbirlər, xəbərlər, maarifləndirici yazılar və ən son yeniliklərlə anında tanış ola biləcəklər.
Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təklif olunan təlimlər, laborator analizlər, eləcə də vakansiyalar barədə ən son məlumatları əldə edəcəklər. Ən əsası isə sahibkarlıq subyektləri "Bildiriş" funksiyasını aktiv etməklə fəaliyyət sahəsi üzrə agentlik tərəfindən mobil tətbiqdə paylaşılan məlumatlar haqqında bildirişlər alacaqlar.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
"E-Qidam" mobil tətbiqindən istifadə etmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
"IOS" üçün: https://apps.apple.com/az/app/e-qi-dam/id6452725355
"Android" üçün: https://play.google.com/store/apps/details?id=com.aqra&pcampaignid=web_share
Məhərrəm Əliyev
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- AQTA quş qripinə görə Dövlət Gömrük Komitəsinə müraciət etdi
- Bakıda ayı əti SATILIR - İDDİA
- AQTA Türkiyədəki kütləvi zəhərlənmə ilə bağlı nəzarət tədbirlərini GÜCLƏNDİRDİ
- Vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılır
- Çin və Rusiyadan idxal edilmiş kürünün "Azerbaijan Caviar" adı ilə satışa çıxarıldığı aşkarlanıb