"Bugünkü bayramı mən fəxr hissi ilə qeyd edirəm. Bu gənclərlə bərabər addımlamağımda mən gələcək gənclərə nümunə olaraq göstərmək, çatdırmaq istəyirəm ki, vətənin keşiyində mən və mənim kimi ehtiyatda olan zabitlər bu gün də hazırdırlar".
Oxu.Az xəbər verir ki, bunu 26 İyun Silahlı Qüvvələr günü münasibəti ilə hərbi yürüşə qatılan ehtiyatda olan baş (1-ci dərəcəli) kapitan Qəşəm Paşa oğlu Səttarov deyib.
"Mən bu gün bu gənclərlə bərabər addımlamaqla ordu quruculuğundan, ordumuzdan enerji alıram, onunla fəxr edirəm.
Biz, Azərbaycan ordusunun şəxsi heyəti olaraq bütün dünyaya sübut etdik ki, Azərbaycan Ordusu nəyə qadirdir. Ona görə də, mən də ehtiyatda olan bir zabit kimi fəxr hissi ilə bu günü qeyd edirəm və başda Ali Baş Komandanımız olmaqla, bütün ehtiyatda olan zabitlərin və ordumuzun bayramını təbrik edirəm. Qürur hissi ilə hamıya çatdırmaq istəyirəm ki, Azərbaycan Ordusu bu gün də vətənin keşiyində mərdliklə, müzəffər şəkildə dayanıb.
Həqiqətən də mənim bu yaşımda, bu gün bu gənclərlə bərabər addımlamağım mənim üçün fərqli bir fəxr hissidir.
Özüm 22 il dənizdə qulluq eləmişəm, sualtı gəmilərdə qulluğum olub və sonuncu qulluğum Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində raket və artilleriya silahları üzrə tədris olub", - deyə Q.Səttarov qeyd edib.