Azərbaycanda mahiyyət etibarilə icbari tibbi sığortaya keçid səhiyyə sahəsində ən mühüm islahatdır.
Oxu.Az xəbər verir ki, bunu baş nazirinin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib.
O bildirib ki, bununla səhiyyədə təkcə maliyyələşmənin deyil, həm də idarəetmənin yeni metodu tətbiq edilməyə başlanacaq:
“Konkret fəaliyyətə gəldikdə isə qeyd etməyi vacib bilirəm ki, icbari tibbi sığortaya keçilməsi ilə əlaqədar intensiv dəyərləndirmələr aparılır, ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir, zəruri normativ sənədlərin hazırlanması üzərində iş gedir”.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb:
“Yaxın zamanlarda biz bunun şahidi olacağımıza ümid edə bilərik. Ancaq icbari tibbi sığortaya keçidin və xüsusilə də yeni sistemin tam fəaliyyətə başlamasının asan olacağını, qısa vaxtda hər şeyin dəyişəcəyini düşünmək düzgün olmazdı. Qarşıda çox ciddi islahatların dayandığını dərk etməliyik.
Onu da qeyd edim ki, icbari tibbi sığortaya keçid hər şeydən əvvəl, indi bizdə mövcud olan səhiyyə xidmətinin, necə deyərlər, fəlsəfəsini dəyişəcək. Söhbət xidmətin keyfiyyətinin daha da artırılmasından, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli xərclənməsinin təmin edilməsindən gedir. İcbari tibbi sığorta burada ən əlverişli vasitə kimi nəzərdən keçirilir”.