"Qanvermə aksiyaları demək olar ki, Azərbaycanda artıq ənənə halını alıb".
Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, burada məqsəd xeyirxah məramlara xidmət etməkdir:
"Azərbaycanın müxtəlif təşkilatlarında, o cümlədən dini ocaqlarda Aşura günlərində mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur və burada verilən qanlar ehtiyacı olan insanlara yönəldilir. Bu da Aşura gününün fəlsəfəsi və mahiyyəti ilə üst-üstə düşür, onun ruhu və fəlsəfəsi ilə vəhdət təşkil edir.
Əlbəttə ki, burada əsas məqsəd xeyirxah niyyətlə ehtiyacı olan insanlara yardım göstərməkdir. Bədənə xəsarət yetirmək, müxtəlif qeyri-ənənəvi, mənəvi dəyərlərimizə zidd olan hərəkətlərdən uzaq durmaq lazımdır. Çünki bu cür əməllər Aşura hadisəsinin və Aşura gününün mahiyyəti ilə ziddiyyət təşkil edir. Əslində, bu hadisənin fəlsəfəsində, onun mənəvi-əxlaqi dəyərlərində ümumbəşəri ideyalar, ümumbəşəri məqsədlər və xeyirxah məramlar dayanır. Elə qanvermə aksiyaları da qeyd etdiyimiz kimi, Aşura və Kərbəla hadisəsinin mahiyyəti və fəlsəfəsi ilə tam şəkildə üst-üstə düşür".