"20 minə yaxın müəllimi tam ştata keçirmək istəyirik".
Oxu.Az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan "Diqqət Mərkəzi" verilişində qonaq olarkən deyib.
O bildirib ki, tam ştata keçən müəllimlər sertifikasiya imtahanından azad olunacaqlar:
"Bizim hesablarımıza və təklifimizə görə, sözügedən müəllimlərin maaşı orta əməkhaqqıdan 2 dəfə yüksək ola bilər. 20 min müəllimimiz bu maaşı alarsa, təhsil sistemində köklü dəyişikliklərin başlanğıcını qoymuş olacağıq. Müəllim qeyd olunan maaşı alırsa, bu, yaxşı rəqəmdir. Sözügedən qərar qəbul olunmayıb deyə, biz hazırda yanaşmanın mahiyyətini müzakirə edirik. Həmçinin deyirik ki, müəllim, tam ştatlıdırsa, iki dəfə sertifikasiyadan yüksək nəticə göstəribsə, məktəbimizdə onu tam ştatlı müəllim kimi görürüksə, onu üçüncü dəfə sertifikasiyaya çağırmayacağıq. Həmin müəllim yaxşılar arasından seçilib deyə, ondan gözləntilərimiz də çox olacaq".
Nazir vurğulayıb ki, bəzi sosial və ənənəvi mediada bu islahat "müəllimlər saat 18-dək işdə qalacaq" kimi təqdim olunur, amma bu, doğru deyil:
"Nazirlik müəllimi niyə saat 18-ə qədər işdə saxlasın? Fikir söylədikdə onun arxasındakı məntiqi də ortaya qoymaq lazımdır. Müəllim onsuz da səhər saat 8-də işə başlayır. Tam ştatlı müəllim anlayışı yalnız 30-36 saatlıq həftəlik iş yükü ilə tənzimlənir, amma hazırda bununla bağlı hüquqi baza yoxdur. Baxın, bu model hansı imkanlar yaradır? Bir müəllim 18-24 saat dərs deyir. Əlavə olaraq həmin müəllim, başqa həmkarının dərsini dinləyə və həmkarına metodik tövsiyələr verə bilər. Bundan başqa şagirdlərin əlavə fəaliyyətləri ilə bağlı metodik təkliflə çıxış edə, onları olimpiadalara hazırlaya bilər. Həmçinin idman müəllimidirsə, məktəb turnirləri təşkil edir. Onun maaşını indi ödəyirikmi? Xeyr. Amma bu halda ödəyəcəyik".