"Xocavənd rayonunda 1 083 ailə doğma yurduna qayıdıb".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov media nümayəndələrinə açıqlamasında deyib.
E.Hüseynov qeyd edib ki, bu gün Xocavənd Şəhər Günüdür: "Bildiyiniz kimi ki, 3 il əvvvəl lokal antiterror nəticəsində, bir sutkadan da az müddətdə bizim o vaxt işğal altında olan yaşayış məntəqələri, o cümlədən də Xocavənd rayonunun böyük hissəsi və Xocavənd şəhəri işğaldan azad olundu. Bu il ilk dəfədir ki, burda şəhər günü qeyd olunur. Çünki, bir il bundan qabaq Xocavənd şəhərinə və rayonun digər yaşayış məntəqələrinə Böyük Qayıdış prosesi baş verib.
Köçürülmə prosesi davamlı şəkildə həyata keçirilir. Artıq bu günə Xocavənd rayonunda 4 500 nəfərə yaxın əhali məskunlaşıb. Bu, təxminən 1 083 ailə deməkdir. Cəmi 1 il ərzində 8 yaşayış məntəqəsində insanlar öz doğma dədə-baba torpaqlarına qayıdıblar".
E.Hüseynov bugünkü qürur dolu anların tarixə yazılmasında böyük əməyin sərf olunduğunu qeyd edib:
"Bu gözəl günləri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfalar diləyirik. Rəşadətli Ordumuza, o cümlədən Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik ki, belə xoşbəxt günləri xalqımıza yaşadır. Bu gün burada böyük izdiham var, sakinlərimiz öz övladlarıyla Xocavənd şəhərinin mərkəzi parkına çıxırlar. Bu gün həm şəhərimizin sakinləri, həm şəhərimizin qonaqları burada çox gözəl bayram tədbirində iştirak edirlər. Bu münasibətlə hər birinizi təbrik edirəm".