Son zamanlarda KİV-də karate üzrə dünya çempionu, FHN-nin İdman-sağlamlıq klubunun rəhbəri, polkovnik Füzuli Musayevin adı çox müzakirə edildi.
Əsasən onun şəxsi həyatı hədəf oldu – bu isə müğənni Ayan Babakişiyevanın KİV-ə verdiyi çoxsaylı və qıcıqlandırıcı açıqlamaları ilə əlaqədardır.
Füzuli müəllim bu yaxınlarda verdiyi müsahibədə həyatda etdiyi səhvləri və idman karyerasından danışdı, müasir cəmiyyət barədə düşündüklərini bizimlə bölüşdü.
Oxu.Az Day.az-a istinadən oxucularına həmin müsahibədən çıxarışları təqdim edir. Bu müsahibə son zamanlarda həyatında çox şeyi düşünüb yenidən dəyərləndirən qeyri-adi insanın zəif və güclü tərəflərini daha yaxşı başa düşməyə kömək edəcək.
İdman haqqında:
“Mən sərbəst həyata 14 yaşımdan başlamışam. Hər bir işdə özümü axtarırdım, istənilən sahədə çalışırdım ki, özümün və ətrafdakıların yaddaşında qalım. Məşğul olduğum idman növündə ən yüksək pillə dünya çempionu olmaqdır.
Və mən iki dəfə - 33 yaşımda Meksikada və 35 yaşımda Avstraliyada dünya çempionu olmuşam. Bu gün isə mən yalnız idman nailiyyətlərimlə deyil, eləcə də ardımca apardığım və artıq məndən də çox nailiyyətlər əldə etmiş öz idmançı tələbələrimlə fəxr edirəm”.
Xeyirxahlıq haqqında:
“Kənardan çoxlarına aqressiv görsənə biləcək güc nümayiş etdirilən idmanla məşğul olsam da, qəlbimizdə biz xeyirxah və ürəyiyumşağıq. Mən hər zaman yalnız qadınlara qarşı deyil, ümumiyyətlə, zorakılığa qarşı çıxış etmişəm. Çoxları karatenin yalnız idman olduğunu fikirləşərək səhv edirlər. Bu dərin fəlsəfəsi olan əsl sənətdir”.
Çətinliklərə dözmək:
“Çətinliklərlə mən erkən yaşlarımda üzləşdim. Böyük, kasıb bir ailədə doğulub ehtiyac içində boya-başa çatmışam. 14 yaşımdan başlayaraq, pul qazanmağa başladım, indi tanıdığınız Füzuli Musayev formalaşana qədər özümü uzun illər axtarmışam və çox çətinliklərdən keçmişəm.
İdmanda çətinliklə üzləşəndə bilirsən ki, heç nəyə baxmadan bunu keçəcəksən və hər şey bitəcək. İdman çətinliklərini dəf etdikcə uğur qazanır və şərəf pilləsinə qalxırsan, bu çətinliklər səni möhkəmləndirir. Şəxsi həyatda isə maneələri aşarkən bilirsən ki, bir iz qalacaq, qəlbində və həyatında xoşagəlməz çöküntü qalacaq. Düşünürəm ki, bu gün üçün bu çətinliklər mövcuddur...”.
Şəxsi həyatda səhvlər barəsində:
“İnsanlar səhv edir, heç kim bundan sığortalanmayıb. Bu hadisə həyatımın ən böyük səhvidir. Bəli. Bu mənim böyük səhvimdir. Kimsə məqsədli şəkildə bu mövzunu KİV-də bağlamır. Amma mən bu haqda danışmamışam, danışmayacam... Bir daha təkrarlayıram – bu, mənim böyük səhvimdir... Bu, mənim həyatımda anlaşılmaz bir hiss idi...
Sadəcə səhv. Bilirsiz, sadəcə bəzi insanlar mənim səhvimdən və adımdan həyatda irəli getmək üçün istifadə etdilər. Onları heç nə saxlamadı, irəliləməkdə davam etdilər. Başa düşdüm ki, bu həyatımda görmək istədiyim şeylər deyil. Fikirləşirəm ki, bu hadisə tezliklə unudulacaq, axı belə çətinliklə əldə elədiyim hər şeyin bir səhv ucbatından silinməsini istəməzdim”.
Ailə haqqında:
“Bir şey deyə bilərəm. Mən öz ailəmi çox sevirəm! Mənim qızım, oğlum və nəvəm var və mən onlarla fəxr edirəm... Mənim ailəm, uşaqlarım mənimlədir və məni narahat edən yeganə şeydir”.
Qadınlar haqqında:
“Müasir dövrdə qadınlar öz yerlərini tapıblar, onlar daha fəal və işgüzar olublar. Sürücü qadınların da sayı artıb, restoran və s. yerlərdə qadınlar kişilərdən daha çoxdur. Qadınlar indi onlara qısqanclıqla yanaşdığımı düşünəcəklər. Qətiyyən yox! Sadəcə bir az kişilərə ürəyim ağrıyır. Qadınlar güclü olub, kişilər isə zəif.
Qadın zəif olmamalıdır. Heç bir halda kişiyə onsuz yaşaya bilməyəcəyini göstərməməlidir. Kişi bundan yalnız istifadə edəcək. O, kişinin səhvlərinə göz yummalıdır. Qadın müdrik olanda hər şeyi doğru edir, onu sevir, hörmət edir, qayğısına qalır, onun həyatında hərtərəfli iştirak edir, kişi belə qadının bütün həyatı boyu yanında olacaq.
Və çox vacib nüans – qadın həmişə özünə fikir verməlidir. Bu, biz kişilər üçün vacibdir. Sevdiyimiz qadının obrazı həmişə gözümüzün önündə olmalıdır, xoşagələn olmalıdır, gözümüzü oxşamalıdır. Qadınlar daha güclü sevirlər, bu da faktdır. Qadınlar çox az xəyanət edirlər bu da onların daha çox sevdiklərinə bir sübutdur”.
Müasir cəmiyyət haqqında:
“Həyat dəyişib. O, 30 il bundan qabaq, cavan olduğum zamanda olduğu kimi deyil. Kişilər də dəyişib, bu illər ərzində elə bil nə isə itib. Fiziki olaraq kişilər qadınabənzər olublar, bu isə dözülməzdir. Müasir dünya nə həddə çatıb ki, artıq bütün dünyada açıq-aşkar bircinsli nikahların təbliğatı gedir! Əvvəllər biabırçılıq sayılan şeylər indi norma olub. Düşünürəm ki, bütün bu metamorfozlar kişilərə neqativ təsir edib. Və Azərbaycan bu inkişafdan kənarda qalmayıb, neqativ təsir bizdə də hiss edilir”.
Böyük insanlar haqqında:
“Mən yalnız özü üçün deyil xalqı və ölkəsi üçün yaşayan adamı böyük insan hesab edirəm. Bu, çox çətindi və hər kəs belə məsuliyyətlə yaşaya, üzərinə belə çətin missiya götürə bilməz. Mənim yaşıdlarımın keçdiyi ölkəmizin bütün tarixi mərhələlərini keçmişəm. Hüquq-mühafizə orqanlarında işləyərkən çox şey görmüşəm.
Eyni zamanda dövlətimizin qurulduğunu, SSRİ-nin dağılmasını və.s Biz müstəqil olduqda öz azadlığımızı qoruyub saxlamalı olduq. Dövlətimizdə baş verən dəyişiklikləri hal-hazırda Ukrayna yaşayır. Niyə müqayisə edirəm?
Çünki xalq cəbhəsinin hakimiyyətə gəlməsini, Azərbaycanın bölünməyə başlamasını, xalq cəbhəsindən sonra hansı vəziyyətin yaranmasını görmüşəm. Və mənim üçün əsl böyük insan bütün bu xaosa son qoyan insandır”.