Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına yerli jurnalistlər üçün mediatur təşkil edib.
Oxu.Az xəbər verir ki, KİV nümayəndələri Füzuli rayonu ərazisində, eləcə də Xocavəndin Hadrut qəsəbəsində aparılan işlərlə tanış olublar.
Bildirilib ki, Füzuli şəhəri ərazisində 110/35/10 kilovoltluq yarımstansiya qurulub və fəaliyyətdədir.
Füzuli-Hadrut yolu yenidən tikilərək istismara verilib. Hazırkı mərhələdə Füzulidə böyük layihələrin icrası davam etdirilir.
Özbəkistan Respublikası tərəfindən Füzuli şəhərində inşa edilən 960 şagird yerlik məktəb 2023-cü tədris ilində məktəblilərin istifadəsinə verilib.
Qazaxıstan Respublikası tərəfindən Füzuli şəhərində Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib və 2024-cü il martın 12-də istifadəyə verilib.
Hazırkı mərhələdə Füzulidə böyük layihələrin icrası davam etdirilir. Şəhərin Baş Planına uyğun olaraq, mərkəzdə, "Zəfər yolu"nun kənarında yaşayış məhəllələri salınır.
38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5, 6 və 7 mərtəbəli evlər inşa edilib.
Şəhərdə daxili yol-küçə və kommunikasiya şəbəkəsinin qurulması, su və qaz xətlərinin çəkilməsi istiqamətində də quruculuq işləri sürətlə həyata keçirilir.
Baş Planda şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. Birinci və ikinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlər, eləcə də piyadaların rahat hərəkətini təmin etmək üçün piyada yolları, yaşıllıq zolaqları, velosiped yolları, ictimai nəqliyyat üçün xüsusi hərəkət zolaqları yaradılır, Füzuli şəhər parkı salınır.
Ölkə başçısı Füzuli şəhərində inşa ediləcək 2-ci və 3-cü yaşayış məhəllələrinin, rayonun Dövlətyarlı, Dədəli, Pirəhmədli, Cuvarlı, Qoçəhmədli və Qarğabazar kəndlərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın, 180 çarpayılıq xəstəxananın, Füzuli parkının, idman kompleksinin təməlini qoyub. Ümumiyyətlə, Füzuli rayonunda təməli qoyulan layihələr üzrə layihə-planlama işləri davam edir, bəzilərində isə artıq tikinti işlərinin başlanılmasına hazırlıq gedir. Rayonun Dövlətyarlı kəndi ərazisində də müasir tipli böyük yaşayış məntəqəsi yaradılır. Beş kəndi birləşdirən bu layihə tamamlandıqdan sonra "ağıllı kənd" həqiqi sahiblərinin ixtiyarına veriləcək. Burada birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 ev inşa olunacaq.
Rayonun Dədəli və Pirəhmədli kəndlərinin layihələndirmə işləri hazırda davam edir. Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində olan Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarları mövcuddur və 30 il baxımsız qaldığı üçün hər üç anbar qəzalı vəziyyətə düşmüşdü. 10 may 2024-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışı olub və obyekt istismara verilib.
Almaz Qasımova