Gəncədə ana və iki uşağının dəm qazından zəhərlənərək ölməsi ilə bağlı cinayət işi başlanıb.
Bununla bağlı Gəncə şəhər prokurorluğu məlumat yayıb.
Bildirilib ki, martın 8-də saat 9 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi ərazisində üç şəxsin meyitinin yaşadıqları evdə aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
“Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, 1987-ci il təvəllüdlü Məmmədova Leyla Yunis qızı iki uşağı ilə birlikdə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.