Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Gəncədə pulsuz internet olacaq - VİDEO
Gəncənin park və meydanlarında “Wi-Fi” şəbəkəsi qurulacaq.
Oxu.Az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, simsiz şəbəkə turistlərə, eləcə də şəhər parklarında dincələnlərə xəbər portallarına, sosial şəbəkələrə, dövlət strukturlarının saytlarına pulsuz çıxış əldə etməyə imkan verəcək.
Gəncə 2016-cı il Avropa gənclər paytaxtı tituluna sahib olması ilə bağlı bir çox beynəlxalq və mötəbər tədbirlərə ev sahibliyi edir. Bu səbəblə şəhərə gələn turistlərin sayı artmaqdadır. Şəhərə üz tutan turistlərin, eləcə də şəhər sakinlərinin internetə əlçatanlığının təmin edilməsi məqsədilə Gəncədə tezliklə simsiz internet şəbəkəsi layihəsinə start veriləcək.
Gəncə şəhər İH başçısı Elmar Vəliyev layihə haqqında məlumat verib. O, bildirib ki, artıq layihə hazırlanıb və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq, ilin sonuna şəhərdə internet istifadəçiləri pulsuz internetdən yararlanacaqlar.
Hazırda 21 mindən çox genişzolaqlı internet istifadəçisi olan Gəncədə pulsuz internetə çıxış imkanları əsasən insanların sıx toplaşdığı yerlərdə olacaq.
İlkin mərhələdə hava limanından şəhərin çıxışına - Qala Qapıları: Arxeologiya və Etnoqrafiya muzeyinə qədər olan ərazi tamamilə internetlə təmin ediləcək. Həmçinin hazırda vətəndaşlarımızın daha çox toplandığı H.Əliyev park kompleksinin ərazisində və İcra Hakimiyyətinin qarşısında yerləşən H. Əliyev meydanı ərazisindən ADAU-ya qədər ərazi, buraya GDU-nun da ərazisi daxildir, 500 metr radiusda tamamilə internetlə təmin ediləcək. Layihənin ikinci və üçüncü mərhələsinin reallaşmasıyla şəhərin bütün hissələrində internetə çıxış təmin ediləcək.
Artıq layihənin ilkin mərhələsinin icrasına başlanılıb. Lazımi avadanlıqlar sifariş olunub. Türkiyəli mütəxəssislərinin dəstəyi və ADAU-nun İnnovasiya Mərkəzinin köməyilə bu ilin sonuna qədər layihənin icrası yekunlaşdırılacaq.
Layihədə süni istifadə hallarının qarşısının alınması da nəzərdə tutulub ki, buna müəyyən vaxt və yükləmə məhdudiyyətləri daxildir. “Wi-Fi” istifadəçiləri şəbəkədən videoya baxmaq və kontent yükləmək üçün istifadə etmək istədikdə rəsmi olaraq qeydiyyatdan keçməli olacaqlar.
"ADAU" teqi üzrə xəbərlər
- Odun tədarükünün meşəyə xeyri, “əcnəbi” ağaclar, yanğınlar və qiymətlər - MÜSAHİBƏ + FOTO
- Keçmiş rektorun qardaşına vəzifə verildi
- Yataqxanadakı yanğının səbəbi bilindi: Tələbələr dəhlizdə siqaret çəkiblərmiş - YENİLƏNİB
- Azərbaycanda tələbə əməliyyatdan üç gün sonra vəfat edib - FOTO
- Azərbaycan Universitetləri dünya reytinqində - SİYAHI