23-24 fevral 2019-cu il tarixlərində Azərbaycan Tibb Universitetinin və Türk Hepato Pankreato Biliyar Cərrahiyyə dərnəyinin təşəbbüsü, Gəncə Beynəlxalq Xəstəxanasının təşkilatçılığı ilə Ramada Plaza Otelində “1-ci Azərbaycan-Türkiyə Hepato-Pankreato-Biliyar Cərrahiyyə” elmi-təcrübi konfransı keçiriləcək.
Konfransın proqramını Laparoskopik Pankreas, Qaraciyər cərrahiyyəsi, Distal Pankreas rezeksiyası, Kəskin nekrotik pankreatitdə invaziv gastroenterologiyanın və invaziv radiologiyanın yeri, Hepatosellular xərçəngdə cərrahi və lokal müalicələr, Azərbaycanda HBP cərrahiyyəsinin və Qaraciyər transplantasiyasının mövcud vəziyyəti və digər mövzular təşkil edəcək. Tədbirdə Gəncə Beynəlxalq Xəstəxanasında icra olunacaq iki əməliyyat canlı yayım vasitəsi ilə konfrans zalında nümayiş olunacaq. Yayım interaktiv olduğu üçün tədbir iştirakçıları birbaşa əməliyyatı icra edən cərrahlara öz suallarını ünvanlaya biləcək.
Konfrans ölkəmizdə çalışan həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə tibbin bu sahəsində əldə edilən ən son nailiyyətlərini müzakirə etmək imkanı verəcək.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyində akkreditasiyadan keçib və iştirakçılara 13 davamlı tibbi təhsil balı dəyərində sertifikatlar təqdim ediləcək.
Konfransın proqramı ilə Gəncə Beynəlxalq Xəstəxanasının rəsmi facebook sosial şəbəkəsi səhifəsi vasitəsilə tanış ola bilərsiniz!