Gəncə şəhərinin digər küçə və prospektlərində olduğu kimi Ə.Əliyev prospektində də yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, piyadaların rahat və təhlükəsiz hərəkətinin təşkili, eləcə də sürücülər tərəfindən yol hərəkəti qaydalarına əməl olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Gəncə Regional qrupundan məlumat verilib.
"Bildiririk ki, Ə.Əliyev prospektində hərəkətin intensivliyi, piyadaların hərəkət axını və yol-nəqliyyat hadisələrinin başvermə riskləri nəzərə alınaraq aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, mövcud vəziyyət qiymətləndirilib. Aparılan qiymətləndirmənin nəticələrinə əsasən, sürücülərin müəyyən edilmiş sürət həddinə riayət etmələrinin təmin olunması, yol hərəkəti qaydalarına nəzarətin gücləndirilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə ərazidə iki ədəd radar quraşdırılıb", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Gəncə şəhərinin Əziz Əliyev küçəsində avtomobillər davamlı olaraq qəza şəraiti yaradırlar.
Bu barədə Oxu.Az-a sakinlər şikayət ünvanlayıblar.
Onlar qeyd ediblər ki, küçədə maşınlar yüksək sürətlə hərəkət edirlər:
"Aidiyyəti qurumlara müraciət olunsa da, indiyədək hər hansı tədbir görülməyib.
Bu, hər gün yaşadığımız qorxu, həyəcan və stressdir. Bura radar qoyulmalıdır. Müraciət də olunub, amma tədbir görülmür".
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.