“İRƏLİ” İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclər Kuboku” layihəsinin açılış mərasimi olub.
Oxu.Az xəbər verir ki, “Gənclər Kuboku” layihəsi 2017-ci il İslam Həmrəyliyi ili çərçivəsində keçiriləcək olan İslam Həmrəylik Oyunlarına dəstək istiqamətində həyata keçirilir.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra çıxış edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda yarışların ən yüksək səviyyədə keçirildiyini vurğulayıb.
“Ölkə prezidenti İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə, dövlətə bilavasitə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu inkişaf var. Bu gün və sabahın gənci tariximizə, mədəniyyətimizə sahib çıxan fiziki sağlam gənclik olmalıdır”, - deyə o bildirib.
Daha sonra çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu kimi layihələr ictimai dəstək olaraq digər QHT, Gənclər təşkilatları üçün bir növ nümunə olacaq ki, onlar da İslam Həmrəyliyi Oyunlarına dəstək olsunlar.
“İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Azərbaycan bayrağının beynəlxalq arenada qürurla dalğalanmasında idman sahəsinin xüsusi önəmi olduğunu qeyd edib. Gələcəkdə “Gənclər Kuboku” layihəsinin davamlı olaraq həftəsonu tədbirlər planına daxil olacağını bildirib.
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda keçirilən bu kimi yarışların Azərbaycan gəncliyi, bu günü və gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Belarusda olan görüşdən və Azərbaycanda baş tutan böyük layihələr haqqında fikirləri bölüşdüyünü bildirib.
“Bakı - 2017” əməliyyat komitəsinin sədri Elçin Səfərov İslam Oyunları ilə, idmanla bağlı keçirilən layihələrdə gənclərə hər zaman dəstək olacaqlarını vurğulayıb. İnkişaf etməkdə olan bir dövlət olaraq əldə edilən uğurlar, böyük yarışlara ev sahibliyi etməyimizin böyük uğur olduğu qeyd edilib.
Sonda Elçin Səfərov, İntiqam Babayev, Vüsal Quliyev, Coşqun Rəhimov, Fərhad Hacıyev, Nurəddin Mehdiyev, Ayaz Bayramov, Fərhad Əliyevin iştirakı ilə püşkatma mərasimi keçirilib və təsadüfi püşkatma nəticəsində seçilən komandalar 15 aprel tarixindən etibarən hər həftəsonu layihəni əhatə edəcək futbol, basketbol, voleybol, şahmat, səmti müəyyənetmə, yüngül atletika, stolüstü tennis, üzgüçülük, atıcılıq, velosiped idman növləri üzrə yarışacaqlar.
Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən, “Gənclər Kuboku” layihəsində təmsil olunan ali təhsil müəssisələri və komandaları təqdim edirik:
AU - “Armada”, BANM - “Nightmare”, AzTU - “Texno”, ADPU - “Paradox”, ADİU - “İqtisadçı”, AzMİU - “Black knights”, ADNSU - “Boomerang”, DİA - “İcomparable”, ADU - “Rixos”, XU - “Challengers”, BDU - “Dangerous”, ADA - “İsland”, ATMU - “Universal”, BSU - “Slavic jaguars”.
Bir sıra yarışlar onlayn olaraq “İRƏLİ” İctimai Birliyi nəzdində fəaliyyət göstərən gənclərin radiosu - “İRƏLİ” radiodan (İradio.az) canlı şərh olunacaq. Yarışların nəticələri və gedişatın izlənilməsi, komanda haqqında məlumatların əlavə olunması üçün birlik tərəfindən www.youthcup.az yeni veb-sayt hazırlanır ki, bu yaxınlarda gənclərin istifadəsinə veriləcək.
“Gənclər Kuboku” - “Bakı - 2017” İslam Həmrəyliyi Oyunlarında oynanılacaq 10 idman növünü əhatə edən və müxtəlif gənclər qrupu arasında keçiriləcək idman çempionatıdır. Layihənin ümumilikdə məqsədi müxtəlif idman oyunları üzrə gənclər arasında idman turniri keçirərək sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarını səmərəli təşkil edilməsinə şərait yaratmaqdır. Əsas məqsəd isə keçiriləcək İslam Həmrəyliyi Oyunlarına, yarışlara dəstəyi nümayiş etdirməkdir.
A.S.
www.oxu.az
Rəylər