Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Geoloq, dağ mühəndisi, zəngin tarixi arxivin yaradıcısı - Yazıçı Manaf Süleymanovun doğum günüdür
Bu gün Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yazıçı, nasir, tərcüməçi, tarixçi Manaf Süleymanovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Manaf Süleymanov 1912-ci il martın 3-də İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.
O, pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını alıb.
Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlayıb, Azərbaycan Sənaye İnstitutunda assistent, dosent, institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub.
Manaf Süleymanov ədəbi yaradıcılığa "Azərbaycan" jurnalında dərc olunan "Yerin sirri" romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr edib, dövri mətbuatda məqalələrlə də çıxış edib. Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O"Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y. A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli yazıçıların əsərləri ilə tanış olublar.
M.Süleymanov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və bir medalla təltif edilib.
O, ilk dəfə Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, Azərbaycan Xalq Cümhuriyyətinin şəxsiyyətlərindən elmi-publisistik kitablar yazıb, nəşr etdirib.
M.Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaradıb. Onun əsərlərinin ilk əlyazmaları, sözsüz ki, doğma Azərbaycan dilində, lakin ərəb əlifbasındadır.
M.Süleymanovun zəngin ədəbi irsi arasında onun xatirələri xüsusi yer tutur. Məqalə, hekayə və təsviri sənədləri, fotoşəkilləri də şəxsi fondunda olan maraqlı sənədlərdəndir. "Şagirdlik illərim" adlı xatirəsi daha maraqlıdır. "Azərbaycan diyarı. Lahıc" ədibin vətən, ocaq sevgisinin parlaq təsviridir. Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur.
Romanları, povestləri, ssenariləri, oçerk, hekayə, xatirə və tərcümələri müəllifin arxivdəki ikinci elmi siyahısında rəsmiləşdirilib.
Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.
"Doğum günü" teqi üzrə xəbərlər
- Bu gün yazıçı-nasir Fərman Kərimzadənin doğum günüdür
- İkiqat paralimpiya çempionu İlham Zəkiyevin doğum günüdür
- Çoxsaylı obrazların mahir ifaçısı - Aktyor Novruz Qartalın doğum günüdür
- Azərbaycan milli uşaq poeziyasının banisi - Abdulla Şaiqin doğum günüdür
- Əməkdar elm xadimi Arif Paşayevin doğum günüdür