Noyabrın 2-də Göyçayda növbəti - 8-ci Nar bayramı keçirilib. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, 21 xarici ölkənin Azərbaycandakı səfirinin, diaspor nümayəndələrinin, beynəlxalq təşkilatların əməkdaşlarının qatıldığı möhtəşəm nar festivalında narla bağlı müxtəlif yarış və müsabiqələrin təşkili xüsusilə yadda qalan olub.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, tədbir iştirakçıları rayonun 30-a yaxın kəndinin nar və nar məhsullarından ibarət sərgi ilə tanış olublar.
İlkin hesablamalara görə, cari ildə məhsuldarlıq 45 min tona yaxın olacaq. Ötən il isə fermerlər və fərdi təsərrüfat sahibləri 40 342 ton nar tədarük ediblər. Son iki ildə rayonda 450 hektar sahədə yeni nar bağı salınıb.
Tədbirdə yeni ailə quran gənclərə, ”qızıl toy”u olan cütlüyə, eləcə də 2006-cı ildə ilk dəfə nar bayramının keçirildiyi gündə dünyaya gələn və bu gün 8 yaşını qeyd edən iki uşağa xatirə hədiyyələri təqdim olunub.
Qonaqlar tədbir boyu isti təndir çörəyinə, nardan hazırlanan məhsullara, motal pendiri, yuxa, kətə və döşəməli plova qonaq ediliblər. Festivalda müxtəlif müsabiqələr də keçirilib.
Ən böyük və kiçik narın sahibinə, giləsini yerə salmadan ən tez nar yeyən adama, ən sürətli nar şirəsi hazırlayana pul mükafatları verilib.
Sonda Azərbaycan və Türkiyənin incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib və atəşfəşanlıq olub.
www.oxu.az