Göygöl rayonunun Mollacəlilli kəndində heyvanlar üçün nəzərdə tutulan örüş və otlaq sahələrinin bəzi sakinlər tərəfindən ticarət məqsədilə zəbt olunduğu iddia edilir.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Vətəndaşın sözlərinə görə, sözügedən ərazidə heyvanlar üçün nəzərdə tutulan örüş sahələri kəndin bəzi sakinləri tərəfindən arpa, buğda və xüsusilə çoxillik yonca əkilərək qanunsuz, özbaşına və heç bir hüquqi sənəd olmadan ticarət məqsədilə zəbt edilib:
"Dövlətin kəndli üçün ayırdığı xüsusi təyinatlı örüş və otlaq sahələrindən heyvanı olan digər sakinlər istifadə edə bilmirlər. Mövcud vəziyyətlə bağlı Göygöl Bələdiyyəsinin sədri Oqtay Mənsimova yaranmış özbaşınalığa son qoyulması üçün 2026-cı ilin aprel ayında bir neçə dəfə müraciət etdim.
Çoxsaylı tələblərimdən sonra bələdiyyə sədrinin müavini Araz Abbasov və Mollacəlilli kəndi üzrə icra nümayəndəsi Qabil Məmmədovun birgə iştirakı ilə əraziyə baxış keçirildi və örüş sahəsinin qanunsuz zəbt olunması rəsmilər tərəfindən təsdiqləndi.
Bu günə qədər beş ay keçib, ancaq Göygöl Bələdiyyəsi indiyədək heç bir ciddi, real və hüquqi tədbir görməyib. Dəfələrlə problemin aqibəti barədə soruşanda Oqtay Mənsimov heç bir anlayışa və məntiqə sığmayan bəhanələr gətirir, açıq-aşkar problemin həllini yubadır.
Mövsüm başa çatdığı üçün zəbt olunmuş arpa və buğda sahələri artıq yoxdur. Ancaq örüş sahəsinin böyük hissəsini zəbt edən yonca sahələri, xüsusilə hasarlanmış ərazilər vəziyyəti daha da dözülməz edir".
Məsələ ilə bağlı Göygöl Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Göygöl rayonunun Mollacəlilli kənd sakininin kənd ərazisində heyvanlar üçün nəzərdə tutulmuş, Göygöl Bələdiyyəsinə məxsus örüş və otlaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən zəbt edilərək əkin məqsədilə istifadə olunması barədə müraciəti ilə bağlı həmin ərazilərə yerində baxış keçirilib:
"Baxış zamanı ərazidə mövcud vəziyyət araşdırılıb. Həmçinin məsələ ilə bağlı Göygöl Bələdiyyəsi tərəfindən həmin ərazidən əvvəlki illərdə istifadə edən 18 nəfər vətəndaşa xəbərdarlıq edilib və bildirişlər təqdim olunub.
Aparılmış baxış zamanı qeyd olunan örüş və otlaq sahələrində hazırda yeni əkin işlərinin aparılmadığı müəyyən edilib. Belə ki, həmin ərazilərdə arpa, buğda və digər kənd təsərrüfatı bitkilərinin əkilməsi faktı müşahidə olunmayıb.
Eyni zamanda, müraciətdə qaldırılan məsələnin nəzarətdə saxlanılması, gələcəkdə həmin ərazilərdə qanunsuz əkin işlərinin aparılmasının qarşısının alınması və örüş və otlaq sahələrindən təyinatı üzrə istifadənin təmin edilməsi Göygöl Bələdiyyəsi tərəfindən nəzarətə götürülüb".