"Dini mövzuların mediada təqdimatı xüsusi həssaslıq tələb edir".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dini mövzuların mediada təqdimatı: Dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dini mövzuların mediada təqdimatı xüsusi həssaslıq tələb edir və bu sahədə media ilə dini qurumların birgə məsuliyyəti mühüm əhəmiyyət daşıyır:
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər il Milli Mətbuat Günü ərəfəsində media nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil edir və bu artıq ənənə halını alıb. Hər il keçirilən bu tədbirlərdə media-din münasibətləri ilə bağlı müxtəlif mövzular müzakirə olunur. Builki konfransın əsas mövzusu dini sabitliyin qorunmasında birgə məsuliyyətə həsr olunub".
Onun sözlərinə görə, din mövzusu, xüsusilə rəqəmsal mühitdə, hazırda ən aktual və eyni zamanda, ən həssas mövzulardan biridir:
"Bu həssaslıq həm cəmiyyətin həssaslığı, həm də sabitliyin qorunması baxımından media ilə dini qurumların, dini icmaların və din xadimlərinin sıx əməkdaşlığını və birgə fəaliyyətini qaçılmaz edir".
Sədr müavini bildirib ki, məhz buna görə konfransa media nümayəndələri ilə yanaşı, bölgədə fəaliyyət göstərən müsəlman, xristian və yəhudi dini icmalarının xadimləri də dəvət olunublar.
O əlavə edib ki, konfrans çərçivəsində mediatur da təşkil olunur. Tur zamanı jurnalistlər Azərbaycanın tolerantlıq və multikulturalizm modeli kimi tanınan şimal bölgəsində fəaliyyət göstərən məscidlər, sinaqoqlar və digər ibadət evləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
G.İsmayılov qeyd edib ki, panel müzakirələrində jurnalistlərlə yanaşı, Azərbaycanın tanınmış ilahiyyatçıları, Azərbaycan İlahiyyat İnstitutunun müəllim və əməkdaşları da iştirak edəcəklər.
Onun sözlərinə görə, müzakirələrin əsas məqsədi dini mövzuların rəqəmsal mediada və ümumilikdə mətbuatda hansı kontekstdə təqdim edilməli olduğunu, bu sahədə həssaslığın sərhədlərini və obyektivliyin necə qorunmalı olduğunu müzakirə etməkdir.
Sədr müavini bildirib ki, tədbirdə media nümayəndələri, ilahiyyatçılar və din xadimləri ilə yanaşı, ictimaiyyət nümayəndələri və ziyalılar da iştirak edirlər:
"Ümid edirik ki, indiyədək keçirdiyimiz bu səpkili konfranslar kimi, bugünkü tədbirimiz də hər bir iştirakçı üçün həm faydalı, həm də maraqlı olacaq".
Daha çox foto burada: PhotoStock.az