Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov vəzifəsini tərk edəcək.
Oxu.Az xəbər verir ki, İnterAz-a etibarlı mənbələrdən daxil olan məlumata görə, onun yerinə, hazırda Abşeron rayon İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov təyin olunacaq.
Məlumat üçün bildirək ki, Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.
1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil alıb.
Əmək fəaliyyətinə 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb.
1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub.
1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində texnik kimi işə başlayıb.
1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun “Sənaye İqtisadiyyatı” fakültəsinin axşam şöbəsinə daxil olub, 1980-ci ildə həmin institutu bitirib.
1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.
1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir.
2005-ci ilin avqust ayının 11-də Azərbaycan Respublikası Prezidentin 956 saylı Sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.