Azərbaycanda hamilə qadınların vahid elektron registri yaradılacaq. Eyni zamanda reproduktiv sağlamlıq xidmətinin vahid elektron sisteminin yaradılması nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən verilən məlumata görə, bu tədbirlər prezident İlham Əliyevin sərəncamı ilə yeni təsdiqlənmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqramda qeyd edilib ki, son illər ölkəmizdə bu sahədə nailiyyətlər əldə edilib.
Bakı şəhərində Respublika Perinatal Mərkəzi, Naxçıvanda, Gəncədə, Lənkəranda, Qubada, Sabirabadda və Şəkidə regional perinatal mərkəzlər yaradılıb, müasir avadanlıqlarla təchiz edilib.
Bununla belə, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həll olunmalı problemlər hələ də qalmaqdadır.
“Proqrama əsasən, doğuşayardım tibb müəssisələrinin maddi-texniki bazası gücləndiriləcək. Həmçinin yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədi ilə neonatal müayinələr (skrininqlər) aparılacaq. Ana və uşaqların sağlamlığının qorunması sahəsində kadr hazırlığı təkmilləşdiriləcək”, - məlumatda deyilir.