Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın günlərdə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Departamentdən Oxu.Az-a verilən məlumata əsasən, respublikanın əsasən dağlıq, dağətəyi rayonlarında və Abşeron yarımadasında dekabrın 28-də arabir güclənən cənub-qərb küləyi dekabrın 28-i axşam, 29-u gecə və səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-8, gündüz 12-17, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.