Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Tozlu hava şəraitinin səbəbi nədir?
"Avtomatik meteoroloji stansiyalardan alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir. Əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 2-dən başlayaraq tozlu hava kütlələri cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova Oxu.Az-a açıqlama verib.
G.Abbasova bildirib ki, aparılan təhlillərə görə, il ərzində Mərkəzi Asiya səhralarında baş verən qum fırtınası cənubda Ərəbistan yarmadasında, şərqdə Türkmənistan səhrasında toz burulğanları yaradır və formalaşan bu toz kütlələri cənub və şərq istiqamətli hava axınları vasitəsilə ölkəmizə keçir və əsasən Bakı şəhərində, Abşeron yarımadasında toz- dumanının yaranmasına səbəb olur. Son illər iqlim dəyişmələrinin təsiri nəticəsində bu prosesin daha tez-tez təkrarlanması müşahidə edilir.
"Sinoptik şəraitə görə, hazırda ölkə ərazisində hava şəraitini antisiklon təyin edir və nəticədə hava isti və quraq keçir, cənub-şərq küləklərinin üstünlüyü qeydə alınır.
Belə durğun hava şəraiti cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olan toz hissəciklərinin havada daha çox qalmasına şərait yaradır", - deyə G.Abbasova əlavə edib.
Xidmət rəsmisinin sözlərinə görə, ölçüsü 2.5 mikrondan kiçik toz hissəcikləri (PM2.5) havada asılmış vəziyyətdə qalaraq yuxarı tənəffüs orqanlarına təsir göstərdiyi üçün əhaliyə açıq havada az olmaları və yaxud qoruyucu maskalardan istifadə etmələri tövsiyə olunub.
Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada müşahidə olunan tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.
Oxu.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən Azərbaycana daxil olub.
Xidmət rəsmisi bildirib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.
Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.
Rəylər