Azərbaycanda qadınlara qarşı ömürlük həbs qərarı çıxarılmır. Bundan başqa, yaşı 18-ə çatmamış şəxslər barəsində də ömürlük həbs cəzası barədə qərar qəbul edilə bilməz.
Oxu.Az “Exo”ya istinadən xəbər verir ki, bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
“Hesab edirəm ki, vətəndaşların ömürlük həbs cəzasına məhkum edilmələri üzrə müəyyən edilmiş yaş həddi tamamilə düzgündür, çünki, bu, insanın öz hərəkətlərinə görə məsuliyyət daşımalı olduğu yetkinlik yaşıdır” – deyə, o bildirib.
Qadın Böhran Mərkəzinin rəhbəri Mətanət Əzizovanın sözlərinə görə, söhbət gender hüquq bərabərliyindən (qadın və kişilərin hüquqlarının bərabərliyi) gedəndə unutmaq lazım deyil ki, qanuna və beynəlxalq standartlara görə bərabərhüquqluluq əsasən sosial və iqtisadi hüquqlarla bağlıdır:
“Gender hüquq bərabərliyi cinslərin cəmiyyətdə hüquq bərabərliyini nəzərdə tutur. Bəzən insanlar özlərinə sual verirlər: nə üçün qadınlar xidmət etmir, hansısa daş və ya yükü qaldırmır və bunu gender hüquq bərabərliyi ilə əlaqələndirirlər. Lakin ilk növbədə nəzərə almaq lazımdır ki, qadının fizioloji statusu və cəmiyyətdəki rolu kişinin rolundan fərqlənir və unutmaq lazım deyil ki, qadınlara ömürlük həbs cəzaları onların törətdikləri cinayətlərin kişilərlə müqayisədə daha az amansız olması ilə bağlıdır. Qanunlar qadınlara həm də onların cəmiyyətdə başqa rolunun olduğuna görə daha yumşaq yanaşır. Buna görə də, bunu gender hüquq bərabərliyinin pozulması hesab etmək olmaz”.
Öz növbəsində, Azərbaycan Hüquq müdafiəsi mərkəzinin rəhbəri Eldar Zeynalov “Exo” ilə söhbətdə qeyd edib ki, qadınlar təbiətcə kişilərdən daha zəif və az dözümlüdürlər və buna görə də, gender hüquq bərabərliyi formal qəbul edilməməlidir, o cümlədən də ömürlük həbs cəzasına münasibətdə:
“Hətta sovet hakimiyyətinin son illərində qadınlar barəsində - bunun mümkün olmasına baxmayaraq – ölüm hökmü çıxarmırdılar. Sovet İttifaqında qadınlar üçün ölüm hökmü olsa da, Azərbaycan məhkəmələri hətta o zaman belə qərar qəbul etmirdilər. Adi hüquqlar kimi anlayış var, yəni adətlərdən irəli gələn hüquqlar. Qafqazın adətləri qadını edam etməyə imkan vermir, ömürlük həbs cəzası isə edam kimi bir şeydir, yəni mahiyyətcə, yavaşıdılmış edam deməkdir.
Buna görə də, ömürlük həbs cəzası qadınlara aid edilmir. Bunun nə dərəcədə düzgün olub-olmaması barədə sual isə səs-küylü cinayət işləri ilə bağlı dəfələrlə cəmiyyət və məmurlar tərəfindən qaldırılıb. Məsələn, belə əhvalat olub ki, qadın öz sevgilisi ilə birlikdə oğlunu öldürüb və onu yeyib. O zaman kişini ömürlük həbs cəzasına məhkum etsələr də, qadına cəmi 15 il “iş” verdilər. Hər kəs narazılıq edirdi və cəmiyyət qadının ömürlük həbs cəzasına layiq görülməsini istəyirdi.
Bununla yanaşı, qadınlara münasibətdə hətta adi həbsxana cəza növləri də tətbiq olunmur. Azərbaycanda qadınlara adi həbsxana rejimi müəyyənləşdirmirlər, yəni onları məhkəmənin qərarı ilə Qobustana göndərə bilməzlər. Hətta qadınlar xüsusi təhlükəli cinayətkarlar hesab edilsələr də, onları xüsusi rejimli koloniyaya göndərmək olmaz. Onlar üçün adi və ciddi rejimdən istifadə oluna bilər. Bütün bunlar cəmiyyətimizin qadına bir ana və rəfiqə kimi münasibətindən, çoxəsrlik ənənələrimizə hörmətdən xəbər verir. Gender hüquq bərabərliyi haqqında hansısa formal mülahizələrin xeyrinə qadınlar kişilər kimi eyni öhdəlik və cəzalarla yüklənirlərsə, o zaman bu, bizim adət-ənənlərimizə qarşı zorakılıq demək olacaq. Bir hüquq müdafiəçisi kimi mən qadınlara ömürlük həbs cəzasının verilməməsinin tərəfdayıram. Mənəviyyatdan çox uzaq cinayətkarlara qarşı 15 ildən bir qədər çox cəzanın verilməsi məsələsi isə - bu artıq başqa mövzudur