Hesablama Palatası "Naxçıvan İpoteka Fondu" ASC-yə ayrılan dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarəedilməsinin hüquqi aktlara uyğunluğunu audit edib.
Oxu.Az palataya istinadən xəbər verir ki, audit 2023-2024-cü illəri əhatə edib.
"Naxçıvan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) Naxçıvan Muxtar Respublikası büdcəsindən ayrılan vəsaitlərin həcmi 2023-cü il ərzində 2 750.0 min manat təşkil edib, həmin vəsaitin 1 543.3 min manatı güzəştli (4%) kreditə yönəldilib, 2024-cü ildə 2 750.0 min manat təşkil edib, həmin vəsaitin tamamı və 2023-cü ildən qalıq kimi saxlanılıb 1 206.7 min manat, yəni ümumilikdə 3 956.7 min manat vəsait güzəştli (4%) kreditləşməyə yönəldilib. Cəmiyyət tərəfindən 2023-cü ildə adi ipoteka (8%) kreditləşməsinə 1 031.7 min manat, 2024-cü ildə isə 1 865.1 min manat vəsait cəlb edilib. Cəmiyyətin 2023-cü ildə faiz gəlirlərindən 485.1 min manat, 2024-cü ildə isə 589.2 min manat gəliri olub.
Cəmiyyətin 1 yanvar 2025-ci il tarixə aktiv güzəştli kreditlərin məbləği 11 605.7 min manat, adi kreditlərin məbləği 7 063.3 min manat olmaqla, ümumilikdə kredit portfeli 18 668,9 min manat olub.
Güzəştli ipoteka kreditlərinə şamil edilməyən və güzəştli kateqoriyaya daxil olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş adi ipoteka kreditləri hazırda yalnız "Naxçıvan İpoteka Fondu" ASC-nin yığımı hesabına maliyyələşdirilir. Bu istiqamət üzrə illik maliyyələşmənin həcmi cəmi orta hesabla bir milyon manat təşkil edir ki, bu vəsaitlə orta hesabla 7 nəfər vətəndaş ipoteka kreditindən yararlana bilir. Mövcud vəziyyət əhalinin mənzilə olan yüksək tələbatı fonunda kifayət qədər məhdud imkan yaradır və yalnız çox az bir hissəni əhatə edir.
Naxçıvan Muxtar Respublikasında vətəndaşların ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi və limitlərin müəyyən olunması prosesində şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə ipotekanın əldə edilməsi üçün müraciətlərin elektron sistem vasitəsi ilə həyata keçirilməsi üçün hüquqi və elektron bazanın olmaması ipoteka kreditlərinin verilməsində bir çox çətinliklər yaradır. Elektron sistem olmadığından vətəndaşlar tərəfindən həm müvəkkil banklara, həm də ipoteka fonduna çox sayda (təqribən illik 450) müraciət olunur və müraciət edən vətəndaşa müvafiq sıranın çatması uzun müddət tələb edir.
Auditlə aşağıdakı nöqsanlar müəyyən olunub:
"Naxçıvan İpoteka Fondu" ASC tərəfindən 2023-cü il və sonrakı üç il üçün büdcədən vəsaitlərin ayrılması məqsədilə proqnoz layihəsi hazırlanaraq təqdim edilib. Müvafiq proqnoz layihəsinə uyğun olaraq 2023-cü il üçün 850.0 min manat vəsait istənilsə də, büdcədən 2 750.0 min manat vəsait ayrılıb. Lakin müvafiq il üzrə həmin vəsaitin 56.1%-i, yəni 1 543.0 min manatı ipoteka kreditləşməsinə yönəldilərək sərf edilib, 1 207.0 min manatı qalıq kimi saxlanılıb. Qeyd edək ki, vəsaitin hesabda qalıq kimi saxlanılması və ipoteka kreditləşməsinə cəlb edilməməsi cəmiyyətin gəlirlərinin azalmasına səbəb olub.
Qanunvericiliyin tələbləri gözlənilməyərək 14 borcalan üzrə 90 gündən çox gecikmə nəticəsində ümumilikdə 560.6 min manat vəsaitin müvəkkil bankdan geri alınması ilə bağlı cəmiyyət tərəfindən nəticəli tədbir görülməyib.
Qanunvericiliyə zidd olaraq auditin əhatə etdiyi dövrdə Naxçıvanbank tərəfindən verilmiş cəmi 60 ipoteka krediti üzrə 3 397.2 min manat vəsaitin ilkin maliyyəşməsi aparılmadan yenidən maliyyələşdirməsi həyata keçirilib. Müvafiq olaraq ilkin maliyyəşmənin həyata keçirilməməsi nəticəsində sonrakı hər gün üçün yenidən maliyyələşdirməyə qədər hesablanmalı olan itirilmiş faiz gəlirləri 21.2 min manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2024-cü il 24 iyul tarixli Qərarı ilə ləğv olunan "Naxçıvanbank" ASC tərəfindən 2023-2024-cü illər üzrə məcmu kapitalın məbləği, adekvatlıq əmsalı, yüksək likvid aktivlərin cəmi aktivlərə nisbəti, ani likvidlik əmsalı, orta aktivlərin rentabelliyi və orta kapitalın rentabelliyi və filialların sayı barədə maliyyə-statistik göstəriciləri barədə məlumatlar rüblük qaydada cəmiyyətə təqdim edilməyib, bu, kredit portfelinin keyfiyyətinin qiymətləndirilməməsinə, problemli kreditlərin (təxirə salınmış və ya ödənilməyən borcların) yaranmasına səbəb olub.
Cəmiyyətin nizamnaməsinin tələbləri gözlənilməyərək strukturu, işçilərin say həddi, vəzifə maaşı və aylıq əməkhaqqı fondu 2 fevral 2022-ci il tarixli 28 nömrəli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Qərarının 16 nömrəli əlavəsi ilə təsdiq edilib. Müvafiq olaraq auditin əhatə etdiyi dövrdə ştat cədvəlləri həmin qərar əsasında tərtib və təsdiq edilərək, icrası həyata keçirilib.
Cəmiyyətə 2023-2024-cü illərdə büdcədən ayrılmış 5 500.0 min manat vəsait "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"da öz əksini tapmasına baxmayaraq, həmin məbləğ "Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat"da cəmiyyətin gəliri kimi tanınmayıb.