Həştərxanda Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin fəal dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən tikdirilən yeni “Drujba” uşaq bağçası fəaliyyətə başlayıb.
Oxu.Az xəbər verir ki, 2015-ci ilin iyul ayının 21-də uşaqların qəbul edilməsinə hazırlığı yoxlamaq üçün bağçaya Həştərxanın şəhər administrasiyasının rəhbəri O.A.Polumordvinov, Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri D.A.Afanasyev və Ümumrusiya Azərbaycan Konqresinin regional şöbəsinin sədri A.A.Hüseynov baş çəkiblər.
Qonaqlar bütün məkanı, ətraf ərazini nəzərdən keçiriblər və görülən işin keyfiyyətindən razı qalıblar. Bağçada həmçinin yetirmələrin valideynləri və müəssisənin personalı ilə görüş də baş tutub.
Söhbət zamanı valideynlər Azərbaycan Prezidenti İlham Əliyevin simasında Azərbaycan Respublikasının rəhbərliyinə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya Həştərxan şəhərinin sakinlərinə bu gözəl hədiyyəyə görə səmimi qəlbdən təşəkkür ediblər.
Xatırladaq ki, “Drujba” uşaq bağçasının inşasına dair razılıq Həştərxan vilayətinin qubernatoru A.A.Jilkin və Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin 2012-ci ildə Bakıda baş tutan görüşündə əldə edilib.
Yeni uşaq bağçası Azərbaycan tərəfinin məktəbəqədər müəssisələrinin inşası üzrə regional proqrama böyük töhfədir. Bağça öz fəaliyyətini Heydər Əliyev adına 11 saylı ümumtəhsil məktəbinin nəzdində həyata keçirəcək.