Xoşbəxtlik hissi orta yaşlarda kəskin surətdə azalır, amma bu, yalnız varlı Qərb ölkələrində belədir, ekspertlər deyir.
Oxu.Az BBC Azərbaycan-a istinadən xəbər verir ki, Lancet jurnalının keçirdiyi sorğunun nəticələri göstərir ki, adamların həyatlarından məmnunluğu, onların harada yaşadığından asılı olaraq qabaqcadan təxmin edilə bilər.
Birləşmiş Krallıq və ABŞ kimi ölkələrdə həyatdan məmnunluq U hərfi şəklindədir - yəni, orta yaşlarda aşağı düşür.
Afrikada rəqəmlər davamlı şəkildə aşağıdır, Şərqi Avropa, keçmiş SSRİ və Latın Amerikasında isə yaşla azalır.
Bunun səbəbləri çoxsaylı və mürəkkəbdir, amma bəzi ağlabatan izahatlar var, University College London-dan Professor Andrew Steptoe və onun həmkarları deyib.
Bu hesabat üçün tədqiqatçılar Gallup World Poll-un 160 ölkədən dünya əhalisinin 98 faizini əhatə edən, illər ərzində toplanan sorğularından istifadə edib.
Fiziki sağlamlıq və ağrıdan başqa onlar aşağıdakı faktorlara baxıb:
adamlar öz həyatlarından nə qədər məmnundurlar
xoşbəxtlik, həssaslıq və qəzəb kimi əhval və ya hisslər
həyatın mənası və məqsədi barədə fikirlər
Qərb ölkələrində həyatdan məmnunluq 45-54 yaş arasında ən aşağı səviyyədə olur, bundan sonra isə yenidən qalxmağa başlayır.
Tədqiqatçılardan biri, ABŞ-ın Princeton Universitetindən Angus Deaton deyir ki, bu, iqtisadiyyatla bağlı ola bilər.
"Bu yaşlarda maaş səviyyəsi adətən pik nöqtəsinə çatır deyə daha çox işləmək, daha çox qazanmaq üçün ən yaxşı vaxtdır. Hətta sağlamlığın qiymətinə olsa belə", o deyib.
Keçmiş Sovet İttifaqı ölkələrində isə həyatdan məmnunluq getdikcə azalır və ümümiyyətlə Qərb ölkələrindəkindən aşağıdır.
Bu həmçinin iqtisadiyyatla bağlı ola bilər, tədqiqatçılar deyib. Bu ölkələrdə yaşlı adamlar, nə qədər qüsurlu olsa da, onların həyatlarına məna verən sistemi itirdilər. Bəziləri pensiya və səhiyyə xidmətlərini də itirdi.
Sub-Sahara Afrikasında həyatdan məmnunluq davamlı şəkildə aşağı səviyyədə olub, yüksək dərəcəli stress və narahatlıq var.
"Bu nəticələr birmənalı şəkildə son zamanlar regionda baş verən hadisələrin, onların yaşlı nəsilə necə bəla gətirməsinin əlamətidir", Professor Deaton deyib.
Professor Steptoe-nun sözlərinə görə, pul xoşbəxtliyə birbaşa gətirib çıxarmasa da, iqtisadi inkişaf qismən rifahı artırır.