Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Heydər Əliyev Mərkəzində Xocalı qurbanları yad edilib – FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-i ildə təsis edilmiş “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası çərçivəsində Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ölkənin tanınmış rəssamları, heykəltəraşları, eləcə də Rəssamlıq Akademiyasının tələbə və məzunlarının Xocalı faciəsini əks etdirən əsərlərindən ibarət sərgi təşkil olunub.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, ictimai-siyasi xadimlər, Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş sakinlər sərgi ilə tanış olublar.
Sərgidə dünya şöhrətli heykəltəraş-rəssam Reno Vansan Balsanjenin Xocalı soyqırımına həsr etdiyi “Bəyaz əsər” adlı kompozisiyası da təqdim edilib. Əsərdə qətlə yetirilmiş Xocalı sakinləri – qadın və onun ətrafında uşaqlar təsvir olunur. Əsər bir tərəfdən anaya olan sevgi və hörməti, digər tərəfdən isə vətənə - Azərbaycana bağlılığı, onun azadlığı, müstəqilliyi və bölünməzliyi uğrunda mübarizəyə hazırlığı təcəssüm etdirir: “Mən Xocalıda qətlə yetirilən 613 qurbanı xatırlayıram. Onlar alçaq və qorxaqcasına qətlə yetirilib. Bu gün soyqırım qurbanlarının yad edilməsi ilə bağlı Azərbaycana gəlmişəm. Mən Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə yaratdım. Beynəlxalq ictimaiyyətin bu faciəyə susması, laqeyd münasibəti tamamilə qəbuledilməzdir”.
Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçıları Xocalı faciəsində qətlə yetirilmiş soydaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edən R. V. Balsanje deyib ki, Xocalı faciəsini daha dərindən araşdırdıqdan sonra öz təəssürat və hisslərini nümayiş olunan əsərdə ifadə edib. Xocalı sakini Ceyran Əzizova çıxış edərək Ermənistan silahlı bölmələrinin törətdikləri amansızlıqlardan söz açıb.
Tədbirdə çıxış edən Xocalı soyqırımının ilk şahidlərindən, ukraynalı pilot Leonid Kravets Xocalıda gördüyü dəhşətli mənzərəni təsvir edib. O, faciənin səhəri vertolyotla Xocalı sakinlərinin kütləvi qətlə yetirildiyi əraziyə uçub. Növbəti gün isə mərhum jurnalist Çingiz Mustafayev L. Kravetsin idarə etdiyi vertolyotda olub və törədilmiş qətliamı kameranın yaddaşına köçürüb.
“Mən şokda idim, dəhşətə gəlmişdim. İnanmaq olmurdu. Dünyada belə faciəvi hadisə baş verməmişdi, qadınlar, qocalar, uşaqlar qətlə yetirilmişdilər”, - deyə L.Kravets bildirib.
L. Kravets Xocalıda törədilən cinayətin birmənalı şəkildə Azərbaycan xalqına qarşı yönəlmiş soyqırım olduğunu bildirib. Tədbirdə Leyla Əliyevanın dəstəyi ilə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu tərəfindən çəkilmiş “Cəhənnəmi görmüş pilot” sənədli filmi də nümayiş olunub. Filmdə L. Kravets gördüyü dəhşətləri təsvir edir.
Filmin nümayişindən sonra “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası barədə geniş təqdimat keçirilib, Kampaniyanın yeni istifadəyə verilmiş saytının təqdimatı olub. Tədbirin sonunda Bakı Musiqili Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında soyqırımına həsr olunmuş musiqi proqramı təqdim edilib.
"Anar Ələkbərov" teqi üzrə xəbərlər
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində
- Heydər Əliyev Mərkəzində "Yenidən doğulmuş gözəllik" adlı sərgi açılıb
- Heydər Əliyev Mərkəzində "Yer kürəsi uşaqların gözü ilə" fotosərgisi açılıb
- COP29 çərçivəsində Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşri təqdim edilib