"Sosial şəbəkələrdə yaş yoxlanılması mexanizminin tətbiqi uşaqların rəqəmsal təhlükələrdən qorunması baxımından mühüm addımdır. Milli Məclisdə müzakirə edilən qanunvericilik dəyişikliklərinə əsasən, 16 yaşadək şəxslərin sosial şəbəkələrdə qeydiyyatı məhdudlaşdırılır, 16-18 yaş arası yeniyetmələrin isə platformalara qoşulması valideyn razılığı ilə mümkün olacaq".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, uşaqlar və yeniyetmələr sosial şəbəkələrdən istifadə zamanı hələ nəyin faydalı, nəyin zərərli olduğunu tam ayırd edə bilmirlər:
"Çox təəssüf ki, bu gün uşaqlar və yeniyetmələr üçün sosial şəbəkələr həm oyun meydançasıdır, həm əyləncə meydançasıdır, həm pis vərdişlərə yiyələnmə meydançasıdır, amma həm də faydalı bilgilər əldə etmək meydançasıdır. Sosial şəbəkələrdən necə istifadə olunması isə bu istiqamətlərdən hansının seçiləcəyini müəyyən edir.
Uşaqlar və yeniyetmələr elə yaş dövründədirlər ki, nəyin yaxşı, nəyin pis olduğunu ayırd edəcək zehni keyfiyyətlərə hələ tam malik olmurlar. Onlar daha çox maraqlarının apardığı istiqamətdə hərəkət edirlər.
Əgər Ziqmund Freydin şəxsiyyətin formalaşması mərhələlərinə nəzər salsaq, uşaqlıq və yeniyetməlik dövründə insanın özünə qadağa qoyan mexanizmləri hələ tam formalaşmır. İnsan yalnız 18-20 yaşlarından sonra nəyin doğru, nəyin yanlış olduğunu daha dolğun şəkildə müəyyən etməyə başlayır. Buna görə də yeniyetmələrin fəaliyyətinin müəyyən çərçivələr daxilində tənzimlənməsi vacibdir.
Bu gün məhz uşaq və yeniyetmələrin maraqlarına hesablanmış çox sayda cəlbedici videoçarxlar və informasiyalar yayılır. Onların böyük əksəriyyətinin arxasında isə insan şüurunun manipulyasiya edilməsi dayanır. Belə olan halda biz gələcəkdə sağlam düşünən, cəmiyyətin dəyərlərinə sahib çıxan gəncləri hələ formalaşmamış itirmək riski ilə üzləşirik. Ona görə də hesab edirəm ki, belə bir mexanizmin tətbiqi zəruridir və uşaqların qorunmasına mühüm töhfə verə bilər".
H.Babaoğlu bildirib ki, 16-18 yaş dövründə yeniyetmələrdə daxili nəzarət mexanizmləri formalaşmağa başlayır və bu mərhələdə valideyn nəzarəti onların inkişafına müsbət təsir göstərə bilər:
"16-18 yaş dövrü artıq insanın daxilində özünənəzarət mexanizmlərinin formalaşmağa başladığı mərhələdir. Bu yaşlarda pis əməllərdən çəkindirən daxili nəzarət funksiyası yaranır, nəyin doğru, nəyin yanlış olduğunu dərk etməyə imkan verən intellektual keyfiyyətlər inkişaf edir.
Mən düşünürəm ki, bu mərhələnin sağlam şəkildə keçilməsi üçün valideyn nəzarətinin də prosesdə iştirak etməsi vacibdir. Bu, yeniyetmələrimizin daha vətənpərvər, daha intellektual və daha anlayışlı insanlar kimi formalaşmasına böyük yardım göstərə bilər".
Deputatın sözlərinə görə, dünyanın bir çox ölkəsində tətbiq edilən bu təcrübənin Azərbaycanda da həyata keçirilməsi uşaqların hüquqlarının qorunmasına xidmət edəcək:
"Hazırda dünyanın bir çox ölkəsində, xüsusilə Qərb dövlətlərində belə məhdudiyyətlər tətbiq olunur. Mən hesab edirəm ki, bu təcrübənin Azərbaycanda da tətbiq edilməsi doğru addımdır. Çünki bizdə təkcə uşaqlar və yeniyetmələr deyil, bəzən orta və yaşlı nəsil də sosial şəbəkələrin yaratdığı manipulyasiya tələlərinə düşür.
Bu isə cəmiyyətin ümumi intellektual mühitinə mənfi təsir göstərir, ictimai rəyin yanlış istiqamətdə formalaşmasına səbəb olur və nəticə etibarilə milli maraqlara zərər vuran meyillər yaradır. Belə təsirlər virus kimi sürətlə yayılır və bunun qarşısı alınmalıdır.
Bunu hüquqi prizmadan qiymətləndirdikdə isə mən burada uşaqların hüquqlarının məhdudlaşdırılmasını deyil, əksinə, onların hüquqlarının təmin olunmasını görürəm. Məqsəd uşaqları zərərli təsirlərdən qorumaq, onların sağlam, güclü təfəkkürə malik, intellektual və vətənpərvər nəsil kimi yetişməsinə şərait yaratmaqdır".