Müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı, Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-polkovnik Hikmət Mirzəyev kəşfiyyatçı, şəhid kapitan Mühüd Orucovun atası Qurban Orucovla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Qazax" Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidməti məlumat verib.
Qeyd olunub ki, Hikmət Mirzəyev Mühüd Orucovun Xüsusi Təyinatlı Qüvvələrdə xidmətlərindən danışıb:
"Mühüd əvəzolunmaz kəşfiyyatçı idi. Mühüd həm zabit kimi, həm insan kimi fərqli idi. Bütün tapşırıqları qüsursuz yerinə yetirirdi. Vətəni özündən çox sevirdi. O, hərbçi doğulmuşdu. Vətən Müharibəsində Mühüdün yetişdirdiyi hərbçilər böyük şücaətlər göstərdilər. Mühüd kimi oğul böyütdüyünüzə görə sizə təşəkkür edirəm. Mühüd hər zaman mənim yadımdadır, mənim ürəyimdədir. Yaxın günlərdə Muhüdün məzarını ziyarət edəcəyəm".