Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İki ananın ölümündə günahkar sayılan həkimlər maksimum nə qədər cəza ala bilərlər?
Son iki həftədə dövlət xəstəxanalarında uşaq dünyaya gətirən qadınların vəfat etməsi insanlar arasında narahatlığa səbəb olub.
Belə ki, qeysəriyyə yolu ilə oktyabrın 14-ü Şirvan Doğum Evində uşaq dünyaya gətirən Səma Yusubova və oktyabrın 27-si Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində uşaq dünyaya gətirən Zəhra Zamanovanın ölümü vətəndaşlarda bəzi suallar yaradıb.
Vəfat edən anaların qohumları həkimləri günahlandırır və hadisələrə məhz həkim səhlənkarlığının yol açdığını iddia edirlər.
Mövzu ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən ana ölümü hadisələri xüsusi komissiya tərəfindən araşdırılır:
"Ümumdünya Səhiyyə Təşkilatının data analitiklərinin araşdırmalarına görə, ana ölümlərinin epidemiologiyasında cərrahi doğuşdan sonra baş verən ölümlər üstünlük təşkil edir. Odur ki, ana ölümlərinin azaldılması yollarından biri qeysəriyyə kəsiyi əməliyyatlarının azaldılmasıdır.
Respublikamızda qeysəriyyə kəsiyi əməliyyatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 3 oktyabr 2013-cü il tarixli 30 saylı Qərarı ilə təsdiq edilmiş "Qeysəriyyə kəsiyi əməliyyatı üzrə" Klinik Protokol və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 20 noyabr 2013-cü il tarixli "Qeysəriyyə əməliyyatlarının aparılmasının tibbi əsaslarının təsdiq edilməsi barədə" 37№-li Əmrinə uyğun aparılmalıdır. Protokola sübutlu təbabətə istinadən aparılmayan, əsaslandırılmayan qeysəriyyə əməliyyatlarını icra edən həkimlər barədə Azərbaycan Respublikası "Əhalinin sağlamlığının qorunması haqqında" Qanununun 31.1. maddəsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 163-cü maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin müvafiq bəndlərinə əsasən, intizam tədbirlərinin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, baş verən ana ölümü hadisələri TƏBİB-in tabeli tibb müəssisələrində hamiləlik, doğuş, zahılıq dövrlərində ana ölümü və erkən neonatal dövrdə körpələrin ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiya tərəfindən araşdırılır.
Araşdırmanın nəticəsinə uyğun olaraq, müvafiq tədbirlər həyata keçiriləcək".
Cavabda, həmçinin vurğulanıb ki, qeydə alınan hər iki ölüm hadisəsinin səbəbi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan rayon şöbəsinin ekspertizasının rəyindən sonra məlum olacaq:
"Oktyabrın 14-də 1998-ci il təvəllüdlü qadının Şirvan Doğum Evində qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşu icra olunub. Ayın 19-da ana və körpənin vəziyyəti kafi qiymətləndirilərək evə buraxılıblar. Təxminən bir həftə sonra, oktyabrın 25-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həkimlərin çoxsaylı cəhdlərinə baxmayaraq, zahı qadının həyatını xilas etmək mümkün olmayıb.
Ölümün dəqiq səbəbi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan rayon şöbəsinin ekspertizasının rəyindən sonra məlum olacaq.
Oktyabrın 27-si 2000-ci il təvəllüdlü qadının Sabirabad Perinatal Mərkəzində təbii doğuşdan sonra ölümünün dəqiq səbəbi isə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinin ekspertizasının rəyindən sonra məlum olacaq".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 163-cü maddəsi aşağıdakı cəzanı ehtiva edir:
"Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilirlər".
Əmək Məcəlləsinin 186-cı maddəsində isə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərini müəyyən edir:
"İşəgötürən, işçi bu məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:
a) töhmət vermək;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;
c) kollektiv müqavilələrdə nəzərdə tutulubsa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;
ç) əmək müqaviləsini bu məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək.
İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir".
Aygün Mirakif
Rəylər