Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İki marşrut xəttinin sərnişinlərinin narazılığına RƏSMİ CAVAB
Yeni Suraxanı qəsəbəsi sakinlərinin 104 saylı marşrut xəttinin sərnişin avtobuslarının hərəkət intervalından narazılıq etmələrinə və 525 saylı marşrut xəttində avtobusda sərnişin çoxluğundan bir tərəfinin əyilməsi məsələsinə rəsmi münasibət bildirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 104 nömrəli marşrutda gündəlik olaraq 25 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir.
"Marşrutun müvəqqəti istismarçısına avtobusların sayının sərnişin axınına uyğun nizamlanması, günün pik saatlarında sərnişin sıxlığı yaranacağı təqdirdə marşruta əlavə avtobusların cəlb edilməsi, marşrutun nizamlı fəaliyyətinin təmin olunması barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, sərnişindaşımada xidmət keyfiyyətinin artırılması məqsədilə AYNA tərəfindən mütəmadi olaraq müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılır. 104 nömrəli müntəzəm marşrut xəttinin da müsabiqəyə çıxarılması nəzərdə tutulub".
Biləcəri dairəsinin yaxınlığında 525 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sərnişin çoxluğu səbəbindən bir tərəfinin yerə dəyməsi və sürücünün sərnişinləri yolda düşürməsi məsələsinə gəlincə isə, AYNA problemi yol infrastrukturunun qənaətbəxş olmamasında görüb.
"Yol infrastrukturunun qənaətbəxş olmaması səbəbindən xüsusilə "Zəngilan şəhərciyi" adlanan ərazidə 525 nömrəli marşrut xəttində avtobusların konstruksiyaları zədələnir, ehtiyat hissələri sıradan çıxır.
Sözügedən avtobusda baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntü təhlil edilib. Məlum olub ki, avtobusda nasazlıq yarandığı üçün sərnişinlər qısa müddətə nəqliyyat vasitəsindən düşürülüblər. Nasazlıq aradan qaldırıldıqdan sonra sərnişinlər elə həmin avtobusla yollarına davam ediblər", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Rəylər