Azərbaycanda ali təhsil müəssisələrində ikinci ali təhsil almaq istəyən şəxslər üçün müəyyən edilmiş təhsil haqları açıqlanıb. Universitet və ixtisasdan asılı olaraq dəyişən qiymətlər bəzi proqramlar üzrə kifayət qədər yüksək məbləğlərlə diqqət çəkir.
Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, ən yüksək təhsil haqları tətbiq olunan ali təhsil müəssisələri sırasında Bakı Dövlət Universiteti və Dövlət İdarəçilik Akademiyası da yer alır. Belə ki, Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə illik təhsil haqqı 7 600 manat təşkil edir. Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi, eləcə də menecment ixtisasları üzrə illik ödəniş 6 000 manatdır.
Təhsil ekspertləri hesab edirlər ki, ikinci ali təhsil əmək bazarında rəqabət qabiliyyətinin artırılması baxımından mühüm rol oynayır. Bununla belə, bəzi ixtisaslar üzrə müəyyən edilən yüksək təhsil haqları vətəndaşların bu imkandan yararlanmasını məhdudlaşdıra bilər.
Ekspertlərin fikrincə, xüsusilə əmək bazarında tələbat olan sahələr üzrə daha əlçatan qiymət siyasətinin tətbiqi əlavə təhsilə marağın artmasına müsbət təsir göstərə bilər.
Məsələ ilə bağlı açıqlama verən Elm və Təhsil Nazirliyinin nümayəndəsi Cəsarət Valehov qeyd edib ki, əlavə təhsilin müxtəlif istiqamətləri, o cümlədən yenidənhazırlıq və ikinci ali təhsil dövlət büdcəsindən maliyyələşdirilmir.
Onun sözlərinə görə, bu halda təhsil xərcləri ya şəxsin özü, ya da çalışdığı təşkilat tərəfindən ödənilir və ödəniş məbləği mövcud qaydalara uyğun müəyyənləşdirilir.