Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Lökbatanda baş verən yanğınla bağlı məlumat yayıb.
Oxu.Az quruma istinadən xəbər verir ki, yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar.
İlkin araşdırma nəticəsində müəyyən edilib ki, yanğın Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Emin Həmidovun müvəqqəti məskunlaşdığı mənzildə baş verib. Yanğın nəticəsində meydana gələn qatı tüstü nəticəsində binanın 9-cu mərtəbəsindəki 86-cı mənzildə yaşayan, Füzuli rayonundan keçmiş məcburi köçkün Əkrəm Əşrəf oğlu Yusifov un həyat yoldaşı 1998-ci il təvəllüdlü Zülfiyyə Ramiq qızı Yusifova və onun övladları 2016-cı il təvəllüdlü Yusif Yusifov və 2019-cu il təvəllüdlü Məryəm Yusifova, həmçinin 9-cu mərtəbədəki 88-ci mənzildə yaşayan Füzuli rayonundan keçmiş məcburi köçkün 1953-cü il təvəllüdlü Yusif Hüseynov həyatlarını itiriblər.
Vəfat edənlərin ailə üzvlərinin verdiyi məlumata görə, Yusif Hüseynov Bakı şəhəri, Xəzər rayonu Qala qəbiristanlığı, Zülfiyyə Yusifova və övladları isə doğulduğu Gədəbəy rayonunda dəfn olunacaqlar.
Yanğının söndürülməsi zamanı müvəqqəti yaşayış sahələri zərər görən ailələrin yerləşdirilməsi üçün Dövlət Komitəsi tərəfindən tədbirlər görülür. Baş vermiş yanğınla bağlı aidiyyəti qurum tərəfindən cinayət işi başlanıb. İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.
Bildirilib ki, cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.