Lökbatan qəsəbəsində baş verən yanğın zamanı həlak olan dörd nəfərlə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində həlak olan 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova əslən Gədəbəy rayonundandır. O, 2015-ci ildə Füzuli rayonundan olan keçmiş məcburi köçkünlə ailə həyatı qurubmuş. Cütlüyün birgə nikahdan 2016-cı il təvəllüdlü Yusif adlı oğlu və 2019-cu il təvəllüdlü Məryəm adlı qızları olub. Hadisə zamanı ana övladlarını xilas edərkən tüstüdən boğulub və övladları ilə birlikdə dünyasını dəyişib. Hadisə nəticəsində ailənin başçısı da tüstüdən zəhərlənsə də, onun həyatını xilas etmək mümkün olub.
Ailə ilə qonşu olan Füzuli rayon sakini, 1953-cü il təvəllüdlü Yusif Hüseynov da yanğın olan mənzilə daxil olaraq, ailəni xilas etmək istəsə də, tüstüdən boğularaq həyatını itirib.
Samir Əli
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında dörd nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədər cinayət işi açılıb.
Oxu.Az-a Baş Prokurorluqdan verilən məlumata görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.2 (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırılıb.
Bildirilib ki, cinayət işi üzrə aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri ilkin istintaq hərəkətləri icra edilib.
İş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul olunması təmin olunacaq.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qaradağ rayonu, Lökbatan qəsəbəsi "Qobu Park-1" yaşayış massivində baş verən yanğında dörd nəfər həlak olub.
Oxu.Az həyatını itirən ana və iki övladının fotolarını təqdim edir:



Lökbatanda yanğında ölənlərin adları açıqlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanğında Zülfiyyə Yusifova (1998), onun övladları Yusif Yusifov (2016), Məryəm Yusifova (2019) və Yusif Hüseynov (1953) ölüblər.
Lökbatan qəsəbəsinin "Qobu Park-1" yaşayış massivində baş verən yanğında həlak olanlardan ikisi uşaqdır.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, partlayışa mənzildəki kombinin partlaması səbəb olub.
Hadisə nəticəsində eyni evdə yaşayan iki məktəbli və onların anası ölüb.
Təxminən 65-70 yaşlarında olan bir kişi isə qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib. Onun arxasınca gələn həyat yoldaşının isə tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın zamanı ölənlərdən üçü bir ailənin üzvü imiş.
Bu barədə Baku TV-yə hadisə şahidlərindən biri danışıb.
"İki körpə uşaq və anaları ölüb, cavan gəlindir. Bir də Yusif dayı, yaşlı kişidir, doqquzuncu mərtəbədə yaşayırdı. Öz yoldaşım da zəhərlənib. Əlaqə saxladım indi, yaxşıdır. Əvvəl elə bildik uşaqların bayramda istifadə etdikləri pirotexniki vasitədir", - sakin bildirib.
Daha ətraflı videomaterialda:
Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində baş vermiş yanğın nəticəsində 4 nəfər tüstüdən zəhərlənib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində Afət Müzəffər qızı İbrahimova (1974), Ramal Niyazi oğlu İbrahimov (2006), Sevinc Fazil qızı Əliyeva (1980) və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir) tüstüdən zəhərləniblər.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 5-də, saat 03:15-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yanğın baş verməsi səbəbi ilə çağırış daxil olub.
"Dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Hadisə yerində dörd nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan dörd nəfərdən üçünün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Bir nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Lökbatanda baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birgə hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir.
Yanğının başvermə səbəbinin müəyyən olunması məqsədilə müvafiq istintaq hərəkətləri keçirilməklə ekspertizalar təyin olunub.
Hadisə nəticəsində əmələ gələn tüstüdən 4 nəfər (onlardan 2-si azyaşlıdır) boğularaq ölüb.
Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisində yerləşən yaşayış binasında yanğın zamanı dörd nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.



Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində ikisi uşaq olmaqla ümumilikdə beş nəfər dünyasını dəyişib.
Xəsarət alanlarla bağlı dəqiq məlumat yoxdur.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb olunublar.
Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki dəqiq məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.