"İlhamə Nasirin "İşıq" romanı bir insanın həyat yolu fonunda bir xalqın taleyində müharibənin buraxdığı dərin və ağrılı izləri, vətən sevgisindən güc alan insanın mənəvi qüdrətini əks etdirir".
Oxu.Az xəbər verir ki, bu sözləri filologiya üzrə fəlsəfə doktoru, dosent AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Elnarə Qaragözova deyib.
"Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayanda İşıq uzun illər maskalanaraq özünü yaxın qonşu kimi tanıdan xalqın qəddarlığını görərək dərin sarsıntı keçirir. Onu anasız böyüdən, 20 yanvar faciəsindən sonra bu vəhşiliyi törədən rus ordusuna etiraz olaraq sevimli müəllimlik peşəsindən - rus dilinin tədrisindən imtina edərək bağban işləyən atası qızının həkim olmasını arzulasa da, məhz Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədilə jurnalist peşəsini seçən İşıq doğma yurd acısı, yanğısı ilə yaşayır. Romanın ən təsirli və kulminasiya hesab etdiyimiz məqamı İşığın gizli yollarla işğal olunmuş Qubadlıya qayıtmasıdır. Buradakı dağıdılmış şəhər və kəndləri, erməni işğalçılarının törətdikləri vəhşilikləri öz gözləri ilə görən İşığın xəyalında yaşatdığı, yuxularında gördüyü doğma ocağın obrazı gerçəkliklə toqquşaraq darmadağın olur, bu dəfə həqiqətən illüziyaya çevrilir. Üç il İran həbsxanasında işgəncələrə məruz qalan bu zərif ruhlu qadın vətənə qayıtdıqda atasının vəfat xəbəri ilə bir daha sarsılır və müharibənin zədələdiyi taleyinə, Allahın onun qismətini qara qələmlə yazmasına üsyan edir. İşığın atasının məzarı üstündə keçirdiyi ağır psixoloji sarsıntılar, ümidsizliyi və Muradın xəyalı ilə söhbətləri fonunda başa çatan roman vətən sevgisinin, doğma torpağa bağlılığın və milli kimliyin insan həyatındakı yerinə və roluna toxunur. Məhz bu məqamlara görə "İşıq" romanı ədəbiyyatımızda Qarabağ müharibəsi mövzusunda yazılmış ən təsirli əsərlərdən biri olmaq haqqını qazanıb", - deyə o bildirib.
