Redaksiyamıza Nardaran qəsəbəsindən maraqlı məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumata görə, qəsəbədə yaşayan ailə (etik qaydalara görə adların göstərilməsini məqsədəuyğun bilmədik) uzun müddət övladlarının olmaması ilə əlaqədar müalicə keçmək qərarına gəliblər və bu məqsədlə İrana üz tutublar.
İranda aldıqları müalicələr uğurlu olub və nəticədə ailənin xanımı hamilə qalıb.
Hamiləliyin yeddinci ayında ailə müayinə məqsədilə İranın Ərdəbil şəhərinə növbəti dəfə səfər edib. Səfər zamanı qadının səhhəti pisləşib və Ərdəbil vilayətinin Meşkin şəhərində təcili xəstəxanaya aparılıb. Burada müayinə keçən qadın təcili olaraq Ərdəbilin “Bu-Əli” özəl xəstəxanasına çatdırılıb və burada vaxtından qabaq uşaq dünyaya gətirib.
Körpə erkən doğulanlar üçün nəzərdə tutulmuş barokameraya yerləşdirilib və xilas edilib.
Lakin ailənin sevinci çox uzun sürməyib – iranlı həkimlər azərbaycanlı ailədən göstərdikləri xidmətə görə 22 min manat pul istəyiblər.
Ailə iranlıların istədiyi pulu ödəyə bilmədiyi üçün hazırda körpə xəstəxanada girov saxlanılır.
Bundan başqa, xəstəxana rəhbərliyinin müraciəti əsasında İranın müvafiq orqanları həmin ailənin qohumlarının pasportlarını da alıb.
Hazırda ailə üzvləri xəstəxana xərclərinin ödənilməsi üçün Nardaran qəsəbəsində maliyyə dəstəyi axtarırlar.
Qeyd edək ki, bu, İranda baş verən ilk belə hadisə deyil. Bundan əvvəl də iranlı həkimlər müalicə pulunu ödəyə bilmədiyi üçün azərbaycanlı ailələri, azərbaycanlı körpələri girov kimi saxlamışdılar.
Belə hadisələrdən biri ötən ilin avqustunda baş vermişdi. İranlı həkimlər 5 yaşlı azərbaycanlını girov götürərək, valideynlərindən müalicəyə görə pul ödəməyi tələb edirdilər.
Əslində özünü bir müsəlman ölkəsi, Azərbaycana, azərbaycanlılara yaxın və dost kimi təqdim edən bir ölkənin həkimlərinin vətəndaşlarımıza qarşı bu qədər sərt mövqdən çıxış etməsi bizi çox təəssüfləndirir. Öz din qardaşlarına qarşı belə amansızlığa yol verən iranlı həkimlərin əməllərinə nə dinimiz islam, nə də dünyanın hansısa başqa bir humanist qaydaları yaxud qanunları ilə haqq qazandırmaq olmaz. Görünür iranlı həkimlər artıq həkimlik insanı və vicdanına yox, bir əl çirki olan pula xidmət etməyə başlayıblar.