Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda hökm sürən qarlı, yağmurlu və qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir.
İdarənin bölmə rəisi Vaqif Əsədov Oxu.Az-a bildirib ki, artıq gücləndirilmiş iş saatı ilə xidmətə başlanılıb.
V. Əsədov qeyd edib ki, Bakı şəhərinin nisbətən hündür ərazilərində Yasamal və Günəşlidə artıq yolların buzlaşması müşahidə olunur.
"Yol polisi Bakıda da bəzi ərazilərdə yolların axşam daha çox buz bağlayacağını ehtimal edir. Artıq 45 dəqiqə ərzində adıçəkilən ərazidə avtomobil sürüşməsi ilə əlaqədar iki yol nəqliyyat-hadisəsi baş verib", deyə o bildirib.
Şöbə rəisi deyib ki, sürücülər qarlı və buzlu yollarda törədilən qəzalara görə məsuliyyətə cəlb olunacaqlar.
"Sürücülər xüsusilə yağıntı düşən, yolların buz bağladığı ərazilərdə sürət həddini meteoroloji və yoldakı şəraitə uyğun seçməlidirlər. Bəzi sürücülər hesab edirlər ki, belə hava şəraitində törədilən qəzalara görə məsuliyyətdən azad ediləcəklər və onlar bəhanə gətirib cəzadan azad olacaqlar.
Qanunda deyilir ki, sürücü yol və meteoroloji şəraiti nəzərə alıb avtomobili elə formada, elə istiqamətdə idarə etməlidir ki, onun hərəkəti zamanı hər hansı bir maneə, təhlükə yaranarsa sürücü onunla toqquşmadan yayına bilsin.
Əgər sürücü səriştəsizlik, təcrübəsizlik göstərsə, sürət həddini normadan aşağı etməsə, ara məsəfəsini düzgün seçməsə, əyləc sistemindən düzgün istifadə etməsə, sozsüz ki, avtomobil sürüşüb ya divara, ya hər hansı bir maneəyə və ya digər nəqliyyat vasitəsinə dəyə bilər.
Unutmaq olmaz ki, belə hava şəraitində avtomobilin hərəkətə gətirilməsi, dayandırılması, eləcə də park edilməsi mütləq sürət qutusunun hesabına aparılmalıdır.
Təcrübəsiz sürücülərə mənzil başına sağ-salmat çatması üçün peşəkar sürücülərin köməyindən istifadə etməsini tövsiyə edirik".
Şöbə rəisi bütün sürücülərə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etməyi, əsasən ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.
Elvin Əhmədov
www.oxu.az