Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı “Neftçi” futbol klubunun futbolçusu Vurğun Fərəczadədir.
- Fərəczadə, səni necə təqdim edim bilmirəm. Əslində özün-özünü mediaya, cəmiyyətə elə pis təqdim etmisən ki! Hansı xəbər başlığını açsan belə yazılıb: Vurğun sürət həddini aşdı!, Vurğun Fərəczadə jurnalisti təhqir etdi!, klubu Vurğunla yollarını ayırdı! və s.
- Bilirsiz necədi, əslində bilirik ki, hadisələr bəzən kənardan göründüyü kimi deyil və bunu kimlərsə bilərəkdən yazır, təqdim edir. Deməli, mən sizə bunu olduğu kimi danışım. Bu xəbəri yazan müxbir mənə dəfələrlə yazmışdı, zəng etmişdi və məndən müsahibə almaq istədiyini söyləmişdi, mən isə “istəmirəm” demişdim. Məncə, insan bir şeyi istəmirsə, onu nəyəsə məcbur etmək olmaz! Düz deyil?! Söyləmişdim ki, istəmirəm.
Bir az vaxt keçmişdi, dostum zəng etdi ki, “bəs sən nə etmisən?”. Təəccübləndim, dedim “heç nə”. Dedi saytlar səndən yazır bu nədi belə? Baxdım və gördüm ki, həmin gün bütün saytlar məndən yazıb, bilən də, bilməyən də yazıb. Bu, düzgün deyil axı, bir soruşun, araşdırın, baxın bilin sonra işinizi görün. Həmin xəbəri verən şəxs bunu acığa götürüb saytda yazmışdı.
Deməli, bu insan yayda İnstagram-da paylaşdığım şəkilləri götürüb 5 aydan sonra sayta qoyub xəbər düzəldib. Bu nədi? Peşəkarlıqdı?! Mən burda peşəkarlıq görmədim. Həmin saytda işləyən şəxs mən ona müsahibə verməmişəm deyə acığa düşüb. Bu xəbərlərdən sonra həmin şəxsə yazdım ki, “bəs bu nədi? Belə ayıbdı! Üstündən 10 dəqiqə keçmişdi ki, saytda xəbər verdilər ki, futbolçu jurnalisti təhqir elədi! Baxdım və şoka düşdüm (gülür). Nə deyəsən?! Mən heç kəsi təhqir etmərəm, sadəcə niyə bilmədiyi halda belə yazdığını soruşdum və cavab olaraq saytda yenidən məndən yazdı.

- Orda bir şəklə 260 km/s yazmışdın?
- Bəli. Bu şəkillər yayda çəkilib və mən həmin şəklin başlığında zarafata 260 km/s yazmışdım. Bu o deməkdir ki, avtomobili o sürətlə sürmüşəm? Sosial şəbəkədə insanın dost-tanışı, yaxınları olur və nə isə paylaşanda zarafata bir şey yazırsan. Mən hardan bilim ki, qarışqadan fil düzəldən adamlar var. Həm də ki bu qədər küçənin hər tərəfi kameradı, ən azı bir az sürəti aşan kimi xəbərdarlıq verilir. Polislər buna laqeyd qala bilməzlər axı?! Təbii ki belə bir şey olmayıb, olsaydı cəzamı da almış olardım təbii ki.
- Valideynlərinin həmin hadisəyə münasibəti necə oldu?
- Atam bizə qarşı çox ciddidir. Bu xəbərlər yayılandan 2-3 gün sonra məndən soruşdu ki, bu nə məsələdir?! Dedim heç nə, hər şey yaxşıdı (gülür).

- Necə bir ailən var? Kim nə işlə məşğuldur?
- Atam həkimdir, qardaşım diplomat, anam isə evdar xanımdır.
- Demək olar ki, futbola “Fenerbahçe”dən başlamısan, o məktəbi keçmisən.
- Futbola ilk dəfə “Azəri” adlanan klub var idi, orda başlamışdım. O vaxt Türkiyədə çempionatımız vardı və həmin vaxt “Fenerbahçe” və digər klublar bizim bəzi futbolçular haqqında maraqlanmışdı. Məşqçilər məni dəvət etdilər, lakin anlaşma alınmadı. Daha sonra elə şərait yarandı ki, yenidən ora getməli oldum və Türkiyədə qalıb orda təhsil aldım.
İlk Fenerbahçe Universitetində, daha sonra komandada oynadım. Oranın futbol məktəbi haqqında danışmağa ehtiyac yoxdur, hər şey göz qabağındadır. Orada futbol aləmindən çox şey öyrəndim. Türkiyədə futbolla bağlı tədbir keçirilirdi və Mübariz Mənsimov da o tədbirdə idi. Ona mənim o klubda oynadığımı, həmyerlisi olduğumu söyləmişdilər. Mübariz müəllim həmin vaxt mənimlə maraqlanmşdı. Mənim “Fenerbahçe”də müqaviləm bitəndən sonra “Xəzər L”də oynayacağım barədə danışıqlar olmuşdu. Və belə də oldu, klubla müqaviləm bitəndən sonra “Xəzər L”ə dəvət aldım.
Bakıda olanda həmişə “Neftçi” bazada məşq edirdim. Elə oldu ki, Sadıq müəllim mənimlə maraqlanıb yanına çağırdı və dedi ki, “sənin “Fenerbahçe” ilə müqavilən nə vaxt bitsə, bizim qapılarımız sənin üzünə açıqdı, gəl”.
Sağ olsun Sadıq müəllim, o diqqət nəyə desəniz dəyər. Elə oldu ki, mən öz istəyimlə “Fenerbahçe”dən ayrıldım və gəldim Bakıya. Atamla danışdıq. Mən “Xəzər L”ə getməli idim, lakin “Neftçi”yə getmək istəyirdim. Bakıdan ayrı qala bilmirdim. “Neftçi” özünü sübut etmiş komandadır. Elə alındı ki, atamın istəyi ilə mən “Lənkəran”a getdim. Sağ olsun rəhbərlik, hər şey yüksək səviyyədə idi. Məşqlərimiz oldu, mən iki-üç gün məşq etdim və özümü hazır hiss edirdim. İlk oyuna çıxdım və yaxşı nəticə göstərdim. İlk oyundan sonra bir il boyunca məni səbəbsiz yerə oynatmadılar. Amma oynamaq istəyirdim, çünki yaxşı formada idim. Elə alındı ki, gəldim Bakıya, “Rəvan”da oynamağa başladım. Amma səbəbsiz yerə burda da oynadılmadım (gülür).
Əgər məşq edirəmsə, formadayamsa niyə oyuna çıxmayım ki?! Daha sonra AZAL-la müqavilə bağladım və ilk oyuna çıxdım. Burada ilk oyun təcrübəsi olmadığına görə dizimin yan bağları qopdu və Türkiyəyə birillik müalicəyə getdim. Bura qayıtdıqdan sonra “Neftçi” ilə müqavilə bağladım. Əsas komandayla bir yerdə idim, amma oyun praktikam çox olmadığına görə ikinci komandaya kömək məqsədilə göndərilirdim. Sonra “Neftçi”nin futbolçusu kimi “Kəpəz”ə icarə əsasında oynamağa getdim. Amma orda da yeddi-səkkiz oyun səbəbsiz yerə oynadılmadıqdan sonra qərarımı verdim və Bakıya gəldim.

- Səbəbi nə idi?
- Düzünü desəm, səbəbini “Kəpəz” rəhbərliyindən soruşanda açıqlama vermirdilər. Mən də düzgün qərarı Bakıya gəlməkdə gördüm. Mənim avtomobili yüksək sürətlə idarə etməyim barədə xəbərlər yayılandan sonra “Kəpəz” rəhbərliyi bunu bəhanə edib, komandadan uzaqlaşdırıldığımı dedilər. Halbuki mən özüm öz istəyimlə bir həftə qabaq komandadan uzaqlaşmışdım.
- Bəlkə futboldan başqa sənətdə səndə daha yaxşı alınardı? Nə düşünürsən?
- Mən 14 ildir futbolla məşğulam, bilirəm ki, məndə alınmasa bu işin arxasınca getmərəm. Futbolu uşaqlıqdan sevirəm və bilirəm ki, bir gün istədiyim yerə gələcəm. Amma uşaqlıqdan detektiv olmaq istəyirdim (gülür).
- Bilirsən də qəlyan çəkə-çəkə şəkil çəkdirməklə futbol olmur?
- Düzünü desəm, mən qəlyanı sevmirəm (gülür). Bir dəfə dostlarla bir yerdə idik, mən də qəlyan çəkdim. Elə bir şəklim də vardı, dostlarım İnstagram-da paylaşmışdılar, o şəkil başıma bəla oldu (gülür).
- Azərbaycanın futbolu hansı qiymətə layiqdir? 4, 5 ya 6?
- Mən hələ o yerə gəlməmişəm ki, Azərbaycanın futbolundan danışım. Onu peşəkarlar deyə bilər. Bu gün üçün yaxşıdı, futbol peşəkarları əziyyət çəkir və inanıram ki, yaxşı da olacaq.

- Yaxşı futbolçu kimdi, yaxşı insan kimdi?
- Yaxşı futbolçular da var, yaxşı insanlar da. Ad çəksəm kiminsə adı yaddan çıxar, inciməsinlər deyə demirəm.
- Qolunda çoxlu “tatuirovka” var. Mənası nədir elə?
- Bunu özümü təsəvvür edib etdirmişəm, mənası da mənə aiddir (gülür).
P.S. Çəkilişdə göstərdiyi köməyə görə “Erto” mebel salonuna təşəkkürümüzü bildiririk.
Nərmin Kazımova
Foto: Asif Əliyev
www.oxu.az