"Nə tökərsən aşına, o da çıxar qaşığına". Bu atalar sözü boşuna deyilməyib. Bu zərb-məsələ müraciətimiz də təsadüfi deyil. Yazının ərsəyə gəlməsinə səbəb isə Vurğun Fərəczadə adlı Azərbaycan futbolçusudur. O futbolçu ki, bilə-bilə özünü uçuruma doğru apardı. Gənc yaşında yüksək sürət və idmançıya qadağan olunmuş zəhərli maddələrdən istifadə onun karyerasında "silinməz iz" qoydu.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, "Neftçi" klubuna məxsus icarə əsasında "Kəpəz" klubunda çıxış edən Vurğun Fərəczadənin bu qanunsuzluqları haqqında klub rəhbərliyi uzun müzakirədən sonra bir qərar çıxartdı. Belə ki, Vurğunun bu qayda pozuntuları və jurnalisti təhqir etməsi klub rəhbərliyinin də "səbr kasa"sını daşırdı.
"Kəpəz" klubunun prezidenti Mehman Allahverdiyev futbolçunun addımlarını qayda pozuntusu kimi dəyərləndirdi: "Hər bir şəxs qanun qarşısında bərabərdi. İdmançıya yaraşmayan bir hərəkətlər gördük Vurğunda. Belə qərara gəldik ki, futbolçu ilə müqaviləyə xitam verək və məxsus olduğu "Neftçi" klubuna göndərək. Vurğun ilə müqaviləmiz may ayında bitəcəkdi, ancaq bu söhbətlər onunla yollarımızı ayırmağa səbəb oldu. Bəli, artıq Vurğun Fərəczadə ilə "Kəpəz" klubunun bir bağlılığı yoxdur".
Göründüyü kimi, "Kəpəz" klubu da Vurğunun etdiklərinə biganə qalamadı və cəzasını kəsdi.
Bundan sonra ən azından ümid edək ki, Vurğun Fərəczadəyə aid bu xəbəri oxuyan bir çox idmançı, ələlxsüs da futbolçular jurnalisti təhqir etmək əvəzinə addımlarını təhlil edəcəklər. Və axsayan Azərbaycan futboluna tüstülətməklə, "avtoşluq" etməklə deyil, topla gözəl rəftar etməklə töhfə verəcəklər.
Xatırladağ ki, “Neftçi” klubunun gənc oyunçusu, icarə əsasında “Kəpəz” klubunda top qovan, maşın “uçurdan” Vurğun Fərəczadə 150-160 km/saat, hətta bəzi məqamlarda 190 km/saat sürət ilə maşına “işgəncə” verərək idarə edib. Təsadüfi deyil ki, Vurğun Qubadan Bakıya 40 dəqiqəyə çatıb.