İşçi işəgötürənin təşəbbüsü ilə şirkətin səhmlərinə sahib ola biləcək.
Oxu.Az xəbər verir ki, sözügedən məsələ Əmək Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, qanunvericiliyə "İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə" anlayışı daxil edilir.
Bildirilir ki, bu, kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınması ilə bağlı məsələləri tənzimləyən ayrıca müqavilə kimi qanunvericilikdə təsbit olunacaq.
Vurğulanır ki, təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər:
- zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənlə əmək münasibətlərində olması şərti ilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi;
- hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərti ilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi.
Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə bilərlər.
Sənəddə o da qeyd olunur ki, işçinin pay (səhm) iştirakı planı haqqında müqavilənin tələblərinə uyğun olaraq əldə edilən pay (səhm) əməkhaqqına daxil edilmir və əməkhaqqı əvəzi kimi ödənilməyəcək.