Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen 2029-cu ildə üçüncü müddətə yenidən bu posta seçilmək niyyətində deyil.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri özəl mənbələrə istinadən məlumat yayıb.
Mənbələr qeyd ediblər ki, AK sədrinin kabinet rəhbəri Byorn Zaybert bunu xüsusi şam yeməyi zamanı yüksək vəzifəli məmurlara deyib. Nəşrin mənbələrinin bildirdiyinə görə, açıqlama Avropa Komissiyası departamentlərinin planlaşdırılan restrukturizasiyasının (yenidənqurma) AK-nin hazırkı rəhbərinin əlində hakimiyyətin genişmiqyaslı mərkəzləşdirilməsi cəhdi olması ilə bağlı narahatlıqları aradan qaldırmaq məqsədilə verilib.
"Politico"nun xatırlatdığı kimi, Avropa İttifaqının (Aİ) təsis müqavilələri Avropa Komissiyası sədri üçün müddətlərin sayını məhdudlaşdırmır, lakin növbəti seçkilərə qədər Ursula fon der Lyayenin 70 yaşı tamam olacaq.