Dələduzluq tarixən xüsusi "istedad" tələb edib. Bu "istedad" heç vaxt ölkə, millət, məmləkət, dövlət sərhədi tanımayıb. Ancaq məlum peşədə olduğu kimi, bu "sənət"in də ömrü əksər hallarda 40 günü keçməyib…
Oxu.Az "AzPolitika"ya istinadən xəbər verir ki, sosial mediada özünü Azərbaycan yəhudisi David Seliverstov kimi təqdim edən şəxsin Gürcüstandakı kazinoların birində qarşılaşdığı hadisə ilə bağlı görüntülər yayımlanıb. Videodan da görünür ki, adam hansısa maddənin, yaxud alkoqolun təsiri altındadır. Şikayət edir ki, mühafizəçilər onu kazinoya buraxmırlar və guya yəhudi - Azərbaycan yəhudisi olduğuna görə ona təzyiq edirlər. Üstəlik, özünü idarə edə bilməyən istənilən başıpozuq "kefkom" birinin qarşılaşdığı bu adi məişət konfliktini "holokost", "genosid" kimi təqdim etməyə çalışır…
Bu videonu görən kimi, ötən ilin may ayında Azərbaycanın bir çox media orqanlarında rast gəldiyimiz "Magen David Azərbaycan" təşkilatının sədri David Seliverstov adlı şəxsin Tbilisidə səfərdə olduğu və orada Gürcüstan Yəhudiləri İttifaqının sədri ilə görüşdüyünə dair məlumatlar yada düşdü. İndi məlum olur ki, həmin bu "Seliverstov" Tbilisiyə yəhudi təşkilatları ilə görüş adı altında kazinolarda vaxt keçirməyə gedirmiş. Üstəlik, o da məlum olur ki, bu adam ümumiyyətlə, nə yəhudidir, nə də David Seliverstovdur. Azərbaycanda ümumiyyətlə, bu ad və soyadda adam yoxdur.
Kazinoya buraxılmamasını "holokost" kimi təqdim edən bu şəxsin əsl adı isə Kazım Elşən oğlu Abbasovdur. Deməli, onu "Kazım Seliverstov", yaxud "David Abbasov" kimi təqdim etmək olar…
O, 26 mart 1988-ci ildə Bakıda anadan olub. Bu gün "beynəlxalq hüquq müdafiəçisi" kimi özünü cəmiyyətə sırıyan bu adam əvvəllər dəfələrlə məhkum olunub. 2011-ci ildə Nəsimi Rayon Polis İdarəsi tərəfindən tutulan Abbasova Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Həmçinin oxu: Saxta "yəhudi hüquq müdafiəçisi" ifşa olundu - Rauf Arifoğlu faktları açıqladı
Kazım Abbasov barəsində, həmçinin Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 310 - vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və 320.2-ci - saxta sənədlərdən bilə-bilə istifadə etmə maddələri cinayət işi başlanıb. Bu iş üzrə Kazım Abbasov 2 il müddətinə azadlıqdan məhrumetmə və 3 500 manat cərimə cəzasına məhkum olunub. Daha sonra Kazım Abbasov 29 sentyabr 2014-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Bu iş üzrə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri - külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı elan olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
2022-ci ildən sonra azadlığa çıxan Kazım Abbasov özünü başqa bir imicdə təqdim etməyə başlayıb. "David Seliverstov" adı ilə özünü beynəlxalq insan hüquqları təşkilatlarından birinin nümayəndəsi, yəhudi icması ilə əlaqəli şəxs və xeyriyyəçi kimi tanıdan Abbasov müxtəlif tədbirlərdə çıxış edərək, Azərbaycan-İsrail münasibətləri mövzusunda sosial şəbəkələrdə aktivlik göstərib. Onun hətta bəzi deputatlar tərəfindən mediaya təqdim edildiyi, "irəli çəkildiyi" barədə məlumatlar var. Üstəlik, adam Bakıda, Bəhruz Qasımov küçəsində ofis, vəkillər, mühafizəçilər tutub. Ofisdə gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb və sair.
Həmçinin oxu: Bakıda peyda olan "beynəlxalq hüquq müdafiəçisi" David Seliverstov kimdir? - SENSASİON detallar
"David Seliverstov" Bakıda mühafizə altında "Cadillac Escalade" modelli, 77-AX-911 dövlət nömrə nişanlı avtomobildə dolaşıb. Bildirirlər ki, o, müxtəlif şəxslərə hədə-qorxu gəlməkdən də çəkinməyib. Onun vəzifəli himayəçiləri barəsində Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunda məlumat olduğu bildirilir…
Vətəndaşlar bir çox hüquq müdafiəçilərinə bu şəxsin kimliyi, hansı statusla fəaliyyət göstərməsi və verdiyi vədlərlə bağlı narahatlıqlarını ifadə ediblər. İddialara görə, həmin şəxs müxtəlif insanlara problemlərinin həllində kömək edə biləcəyini, nüfuzlu şəxslərlə əlaqələrinin olduğunu bildirib və bu əlaqələr üzərindən etimad yaratmağa çalışıb. Bir sözlə, bildiyiniz adi dələduzluq…
Dələduzluq, saxtakarlıq cinayətlərinə görə üst-üstə on ildən artıq həbs həyatı yaşamış bu şəxs heç bir aidiyyatının olmadığı yəhudi mövzusu üzərindən öz "istedad"ının pik səviyyəsinə çatıb. Lakin əvvəldə qeyd etdiyimiz "40 günlük" müddət əvvəl-axır sona çatmalı idi və çatdı. Abbasov Gürcüstandakı kazinoların birindəki "hoqqası" ilə özü-özünü ifşa etdi - özünün sınıq-salxaq ingilis dili, saxta yəhudi kimliyi və mahiyyətini belə düz-əməlli anlamadığı "holokost", "genosid" şüarları ilə…
Əlbəttə, nümunəvi multikultural ənənələri ilə tanınan Azərbaycanda bu mövzudan sui-istifadə edilərək dələduzluq, saxtakarlıq hallarının törədilməsi acınacaqlıdır. Eyni zamanda, 2022-ci ildən bəri zəngin dələduzluq keçmişinə malik birisinin uydurma adlarla bu cür saxta "beynəlxalq hüquq müdafiəçisi" kimi fəaliyyət göstərməsinin nəzərdən qaçması da başqa bir araşdırmanın mövzusudur…
"David Seliverstov" donu geymiş Kazım Abbasovu media artıq demək olar tamamilə ifşa edib. Növbə hüquq-mühafizə orqanlarındadır. Hər halda müvafiq orqanlar, məhkəmələr qanunla belələrinin layiq olduğu yeri və cəzanı yaxşı bilirlər…