Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kirayə arvad və uşaq istəyərdiniz?
Qan Turalı yazır...
Bir nəğmədə deyildiyi kimi... "Modern zamanlarda eşq yorulmuşdumu?"... Doğrudanmı, bəşəriyyət bir daha Leyli və Məcnun sehrinə düşməyəcək, yeni bir "Romeo və Cülyetta" yaşamayacaq?
Bütün bunlar XX əsrdə doğulan bir insanın xülyaları ya da şikayətləri deyildir. Bu gün dünyada yeni reallıqlar yaranır və bu yeni reallıqlar təkcə XX əsrdə doğulanları deyil, elə XX əsrin insanlarını da təəccübləndirir.
Yaponiya dünyanın ən maraqlı ölkələrindən biridir. XIX əsrə qədər dünya ilə izolyasiyada, təcriddə yaşayan və az qala məchul qalan Yaponiya qısa müddət ərzində böyük ictimai inkişafa qədəm qoymağı bacardı. Nüvə faciəsi belə bu ölkəni inkişafdan saxlaya bilmədi. Nə isə, mövzumuz Yaponiya tarixi deyil. Bu işi tarixçilərə həvalə edək.
Söhbət, Yaponiyada insani münasibətlərin çöhrəsindən gedir. Ya da çöhrəsizliyindən... Belə ki, Yaponiyada kirayə sevgili, dost, ya da nəvə belə götürmək mümkündür. Bütün bunlar bizə nə qədər dəhşətli gəlsə də yaponların bir çoxu üçün bütün bunlar adi bir reallıqdır.
"Yaponiyada kirayə ailə sənayesi" məqaləsinə nəzər salmaq vəziyyəti anlamaq üçün kifayətdir. 60 yaşlarındakı satış meneceri Kazuşige Nişidanın həyat yoldaşı vəfat edir. Qızı da onunla mübahisə edib evdən gedir. Tənhalıqdan əziyyət çəkən Nişida həyat yoldaşı və qız sifariş etmək qərarına gəlir. Onlar bəzən restoranda, əsasən isə evdə görüşür, yemək hazırlayır, yeyir, televizora baxırlar. Bəzən "arvad və uşaq" Nişidadan əvvəl evə gəlir, yemək hazırlayır və "ər"i ya da "ata"nı gözləyirlər. "Arvad" Nişidanı eynən arvadı kimi "Kazu" deyə çağırır. Bir sözlə, əsl teatr. Nişida isə belə deyir: "Bütün bunların yalan olduğunu, oyun olduğunu bilirəm. Amma mən xoşbəxtəm. Əsas da budur!"
Yaponiyada bu cür saxta münasibətləri təşkil edən onlarla agentlik fəaliyyət göstərir. Bəzi agentliklərin isə minlərlə işçisi var. Xidmət o qədər də ucuz deyil, misal üçün Nişida bir görüş üçün 370 dollar ödəyir. Göründüyü kimi, bu xidmət artıq sənayeləşib və insanlar bu cür saxta münasibətlərlə qazanc əldə edə bilirlər.
Məsələ təkcə kirayə arvad və uşaq ilə məhdudlaşmır. Yaşlılar kirayəyə nəvə də götürə bilirlər. "Nəvə" gəlir, onunla oynayır, zaman keçirir. Bütün bunları bir yerə qədər başa düşmək mümkündür. (Əslində elə hər şeyi başa düşmək mümkündür. Tənhalıq çətin şeydir).
Gənclər isə daha çox sevgili xidmətindən istifadə edirlər. Yaraşıqlı bir sevgili sifariş verir, onunla kafe, restoran və digər əyləncə yerlərinə gedirsiniz. Xidmətə gündəlik mesajlar da daxildir. Bir növ, əsl sevgilidə olduğu kimi... Ancaq burada dava-şava, neqativ yoxdur. Bütün bu münasibətlər platonik xarakter daşıyır. (Bunu da qeyd etmək lazımdır. Çünki bir çox adam bura ilişəcək)
Reallıq bundan ibarətdir ki, insanlar həddən artıq çox çalışır və sosial münasibətlər üçün çox zaman qalmır. Ona görə də qazanılan pulu bu cür saxta münasibətlərə xərcləyirlər. Məşhur misalda deyildiyi kimi, vaxt puldur, pul da vaxt. Ona görə də sosial münasibətlər qurmaq üçün xərclənilən zaman işə, işdən də qazanılan pul da sosial münasibətlərə xərclənir. Daha doğrusu, sosial münasibətlərin imitasiyasına...
Bir məqama da diqqət etmək lazımdır. Nişidanın bayaq dediyi sözlərə... İnsan yalan olduğunu bilə-bilə xoşbəxt ola bilərmi? Demək ki, ola bilir. Ancaq bu, əsl xoşbəxtlikdirmi? Kim bilir?! İnsan özü-özünü aldatmağı bacaran varlıqdır.
Bir də ki... İctimai münasibətlərin inkişafı ilə yapon modeli bütün dünyaya sirayət edə bilərmi? Bəşəriyyət üçün əsl təhlükə budur. Və doğrusu bu təhlükə də son dərəcə real görünür. Bu haqda ayrıca danışmaq lazımdır.
Rəylər