Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Süni intellekt dünyanı necə dəyişdirəcək?
Qan Turalı yazır...
Gələcəyimizi süni intellekt müəyyən edəcək, ona görə bu barədə çox danışmağa, müzakirələr açmağa və ən əsası isə bu prosesin mərkəzində olmağa böyük bir zərurət var.
Süni intellekt əslində uzun illərdir var idi. Biz hələ tələbə olarkən şüur mövzusunda bir hissə də süni intellektə ayrılırdı. Ancaq süni intellektin inkişafı və tərəqqisi ancaq indiki zamanda mümkün olub.
Süni intellektin kəşfi hansısa bir cihazın kəşfinə bənzəmir. Əlbəttə ki, hər bir cihaz dünyanı dəyişir, misal üçün televizor ya da radio... İnternetdən əvvəlki dövrdə uzaq bir ölkədən, ya da şəhərdən xəbər almaq üçün qəzetləri gözləmək lazım gəlirdi. Eləcə də telefonun, xüsusən də cib telefonunun kəşfi də həyatımızda bir çox şeyləri dəyişdirdi.
Süni intellektin kəşfi əslində internetin kəşfinə bənzəyir. Belə ki, internet ayrıca bir şey deyil, həm də bazisdir, infrastrukturdur. Belə ki, internetin kəşfi ilə biz bank ödənişlərini də internetlə edə bilirik, internetdən filmə baxır, bir-birimizlə danışırıq. İnternet həm də kitabxanadır. İnternet medianı, televiziyanı dəyişdirdi, qəzet dövrünü tarixə qovuşdurdu. Bir zamanlar metrodan keçmək üçün jeton atırdıq, kağız pulla ödəniş edirdik, indi isə sadəcə telefonu terminala yaxınlaşdırmaq kifayət edir.
Göründüyü kimi, internetin kəşfi hər şeyi dəyişib. Bir zamanlar elektrik kəşf ediləndə də eyni proses baş vermişdir. Belə ki, dünyada bircə günlük elektrik olmasa bütün cihazlarımız işləməyəcək və muzey eksponatına çevriləcək. Eynilə internetin olmaması da...
Göründüyü kimi, süni intellekt texnologiyalarımız üçün baza rolunu oynayacaq. Məsələn, verdiyimiz analizlərin nəticələrini süni intellektə daxil edəcəyik, o da bizə xəstəliyimizin adını və müalicəsini təyin edəcək. Ya da gedəcəyimiz yeri süni intellektlə çalışan avtomobilə söyləyəcəyik, o da bizi istədiyimiz yerə aparacaq. Bir çox peşələr də beləcə tarixə qovuşacaq. Biz hətta çöldə olduğumuz zaman belə robot tozsorana tapşırıq verəcəyik, o evi təmizləyəcək. (Hərçənd bu indi də mümkündür) Yemək sifarişlərimiz ağıllı dronlarla pəncərəmizə qədər gələcək.
İnsanları bu inkişaf hədsiz dərəcədə qorxudur. Bir tərəfdən insanlar bir az da Hollivud filmlərinin təsiri ilə süni intellektin dünyaya hakim olacağını düşünürlər. Bu, mümkünsüz bir ehtimaldır. Son nəticədə ona nəzarət imkanları bizim əlimizdədir. Digər tərəfdən isə bir çox insanın işsiz qalacağı da gözlənilir. Bu, daha real bir ehtimaldır, ancaq necə?
Əlbəttə ki, yaxın gələcəkdə avtomobil sürmək də tarixə qarışacaq. Madam ki, avtomobilləri robot idarə edəcək, o zaman avtomobil sürməyə nə ehtiyac var? Beləliklə də, sürücülük tarixə qarışacaq. Ancaq tamamilə yox... Misal üçün, avtomobil idmanı hələ də qalacaq. Bəlkə də robot avtomobillərin də "Formula-1" yarışı keçiriləcək, ancaq insan yarışları da olacaq. Atlarda olduğu kimi...
Bu gözəl və sürətli canlılar bir zamanlar əsas nəqliyyat vasitələrindən biri idi. Bu gün isə at sürmək bir hobbi, əyləncə, idman növünə çevrilib. Avtomobillərin kəşfi ilə atlar küçələrdən çəkildilər...
Bədbin bir proqnoza görə, insanları avtomobillərin kəşfindən sonra faytonçuların yox atların aqibəti gözləyir. Belə ki, faytonçular taksi sürücüsü oldular. Minlərlə, on minlərlə insan avtomobil zavodlarında çalışmağa başladı. Eləcə də avtomobil təmiri sahəsində on minlərlə insan çalışır. Buradan da göründüyü kimi, yeni kəşflər həm də yeni iş yerlərinin açılması deməkdir.
Bəli, bu gün televizor ustası 30-40 il əvvəl olduğu qədər populyar deyil. Ancaq telefon, kompüter istehsalı və təmiri sahəsində də çoxlu iş yerləri mövcuddur.
Bir sözlə, süni intellektdən qorxmaq yox onun yaratdığı şəraitə uyğunlaşmaq lazımdır.
Rəylər