"Microsoft" şirkətinin xidmətlərində, o cümlədən "Outlook", "Teams" və "Copilot" süni intellekt assistentinin fəaliyyətində 74 ölkə və ərazidəki istifadəçilərə təsir göstərən böyükmiqyaslı kəsilmə baş verib.
Oxu.Az "EuroNews"a istinadən xəbər verir ki, "Downdetector" platformasının məlumatına görə, ABŞ-də Şərq vaxtı ilə saat 13:00-dan (Bakı vaxtı ilə saat 22:00) sonra 130 minə yaxın istifadəçi "Outlook"la bağlı çətinliklər barədə xəbər verib.
Axşama doğru şikayətlərin sayı təqribən 37 minə qədər ensə də, proqramın işində nasazlıqlar tam aradan qalxmayıb.
"Microsoft"un təmsilçiləri problemi infrastruktura düşən həddindən artıq yüklənmə ilə izah ediblər ki, bu da "Microsoft 365" xidmətlərinə qoşulma xətaları ilə nəticələnib.
Texnologiya nəhəngi yeniləmələrin tətbiqini dayandırıb, əlavə trafiki başqa istiqamətə yönəldib və zərər çəkmiş serverləri yenidən işə salıb. Lakin cümə günü səhər saatlarında "Microsoft" həyata keçirilən tədbirlərin kafi olmadığını qəbul edib və xidmətlərin fəaliyyətini tam bərpa etmək məqsədilə alternativ yollar axtardığını açıqlayıb.