Təhsil Nazirliyi Kürdəmirdə məktəbin tavanının uçmasına münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, nazirlikdən Report-a bildirilib ki, Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbin 2-ci tədris korpusu 1967-ci ildə beş sinif otağı olmaqla tikilib.
Məlumata görə, bünövrəsi və divarları pud daşından tikilən tədris korpusunun koridorunun tavanı ağac materialı olan diktlə üzlənib:
“Damdan yağış sularının sızması nəticəsində həmin tavan üzlüyü aşınıb. Koridorda tavan üzlüyü uçan hissədə yerləşən bir sinif otağında tədris dayandırılıb. Məktəbin digər otaqlarına ziyan dəyməyib, məktəbdə tədris davam edir.
Təhsil Nazirliyinin mütəxəssisləri məktəbin korpusuna baxış keçirəndən sonra verilən rəyə əsasən müvafiq tədbirlər görüləcək”.
13:49
Kürdəmirdə dərs zamanı məktəbin tavanı uçub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə qeydə alınıb.
Məktəbin direktoru Abduləli Qocayev saytımıza açıqlamasında bildirib ki, məktəbin dəhlizinin tavanı dərs zamanı uçub:
“Şagirdlərdən xəsarət alan olmayıb. Dərslər tam qaydasında keçirilib. Hadisə ilə bağlı Təhsil Nazirliyinə məlumat verilib”.
Abduləli Qocayev qeyd edib ki, üç ildir ki, yeni məktəb tikintisi olmalı idi, amma hələ tikinti başlamayıb.
Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri A24.az saytı yayıb.
İlhamə Əbülfət
www.oxu.az