Ötən gün Bakının Nizami rayonunda, metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında kuryer motosikleti tərəfindən vurulan şəxsin vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 24-də saat 21:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığından çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Beyin silkələnməsi, çanaq sümüklərinin sınığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, yazılı iltizamnamə əsasında özəl tibb müəssisəsinə təxliyə olunub", - deyə məlumatda bildirilir.