Hazırda Lənkərandakı ana ölümü faktı araşdırılır. Amma indidən həkim səhlənkarlığından danışmaq tezdir.
Oxu.Az xəbər verir ki, bunu ANS PRESS-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. Onun sözlərinə görə, qadını Cəlilabaddan Lənkərana ağır vəziyyətdə gətiriblər:
“Dərhal əməliyyata götürüblər. Həkimlər körpənin həyatını xilas edə bilsələr də, ananın həyatını xilas etmək təəssüf ki, mümkün olmayıb”.
Anar Qədirli bildirib ki, qadın qanaxmadan dünyasını dəyişib:
“Tibbi ekspertiza təşkil olunub. Məsələ araşdırılacaq. Amma indidən konkret nə isə demək olmaz. Bu barədə mütləq komissiyanın rəyi olmalıdır”.
11:12
Azərbaycanda növbəti ana ölümü baş verib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ölüm hadisəsi fevralın 2-dən 3-nə keçən gecə Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.
Oxucularımızın verdiyi məlumata görə, Cəlilabad rayonu, Alar kənd sakini, 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin qadın əməliyyatdan sağ çıxmayıb.
Bu 29 yaşlı qadının 3-cü hamiləliyi olub. Yeni doğulmuş körpənin vəziyyəti qənaətbəxşdir.
Lənkəran rayon Prokurorluğundan doğuş zamanı ölüm faktı baş verməsi təsdiqlənib. Lakin mərkəzi rayon xəstəxanasından bu barədə məlumatsız olduqlarını deyiblər.
Qeyd edək ki, adıçəkilən xəstəxanada 24 oktyabr 2014 tarixində ana ölümü baş verib. Astara royonu, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Məmmədova Xoşqədəm Yədulla qızı da qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişmişdi.
E.Ə.
www.oxu.az