Məişət tullantıları poliqonunda meyiti tapılan iki nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri - 55 yaşlı Sərraf Mustafayev və 59 yaşlı Əmrah Bədirov olduğu bildirilib.
Mərhum Əmrah Bədirovun qardaşı bildirib ki, hər iki şəxs vaqonda yanıb:
"İkisi də burada həm işləyirdi, həm də yaşayırdı. Çox ağır hadisədir. Qardaşımın heç kimlə düşmənçiliyi olmayıb. Sakit adam idi".
Qeyd olunur ki, ölən şəxslər məişət tullantıları poliqonunun yaxınlığında yerləşən fermada gözətçi işləyirmiş. Fermanın sahibi Namik Əhmədov isə bildirib ki, hadisənin fermaya heç bir aidiyyəti yoxdur.
Belə ki, həmin şəxslər uzun müddətdir fermanın yaxınlığındakı zibil poliqonunda səfil həyat tərzi keçirib və hər iki şəxs içki aludəçisi olub. Hadisə baş verən gecə saatlarında onlar icazəsiz fermanın gözətçi otağına daxil olub, orada isinmək üçün od qalayıblar. Yəqin ki, faciə bundan sonra baş verib.
Namik Əhmədov əlavə edib ki, hər iki şəxs zibil tullantıları poliqonunda metal qırıntıları, dəmir parçaları və digər əşyalar toplayaraq satıb, gündəlik qazanc əldə ediblər.
Ətraflı Baku TV-nin süjetində:
Lənkəranda iki nəfərin yanmış meyitlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib.
Vurğulanıb ki, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində iki nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin başvermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.