Lənkəran rayonunda qeyri-sabit hava şəraiti kənd təsərrüfatına, xüsusilə sitrus meyvəçiliyinə ciddi ziyan vurub. Güclü külək, intensiv yağış və dolu nəticəsində bir sıra meyvə bağlarında məhsul itkisi qeydə alınıb.
Bu barədə Oxu.Az-a rayon sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, əlverişsiz hava şəraiti bəzi təsərrüfatlarda məhsulun böyük hissəsinin məhv olmasına səbəb olub. Hətta ayrı-ayrı meyvə bağlarında məhsul itkisinin 90 faizə çatdığı bildirilir. Bu vəziyyət fermerlərdə mövsüm ərzində çəkdikləri xərcləri qarşılamaq və gəlir əldə etmək baxımından ciddi narahatlıq yaradıb.
Təbii fəlakətin təsiri əsasən rayonun Separadi, Tükəvilə, Şağlaser, Vilvan və Zövlə kəndlərindəki meyvə bağlarında hiss olunub. Həmin ərazilərdə mandarin, limon, portağal, kivi və kinkan yetişdirilən təsərrüfatlara ziyan dəyib.
Güclü külək nəticəsində ağacların budaqlarındakı meyvələrin bir hissəsi yerə tökülüb. Yağış və dolu isə ağaclarda qalan meyvələrin səthini zədələyib. Xüsusilə yetişmə mərhələsində olan meyvələrin zədələnməsi onların əmtəəlik görünüşünə və satış imkanlarına mənfi təsir göstərib.
Fermerlərin üzləşdiyi əsas problemlərdən biri də yerə tökülən və zədələnən meyvələrin satış üçün yararsız hala düşməsidir. Bu səbəbdən bəzi təsərrüfatlarda gözlənilən məhsuldarlığın əhəmiyyətli dərəcədə azalacağı ehtimal olunur.
Məsələ ilə bağlı Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, meyvə bağlarının əksəriyyəti sığortalanıb. Fermerlər dəymiş ziyanla bağlı müvafiq qaydada müraciət etdikdən sonra onlara nəzərdə tutulan sığorta ödənişləri veriləcək.
İqbal Ziya