"Reo-Med" klinikasına liposaksiya üçün müraciət edən və komaya düşərək vəfat edən 29 yaşlı Aybəniz Almuradovanın ailəsi həkimlərdən şikayətçidir.
Oxu.Az-a açıqlama verən A.Almuradovanın bacısı Gülər Əliyeva mərhumun ölümündə həkimləri günahlandırıb.
Onun sözlərinə görə, bacısı sosial şəbəkədə tanınan həkim Mətanət Eyvazovaya yazaraq liposaksiya olunmaq istədiyini bildirib. Həkim də cavabında əməliyyatın çox yüngül proses olduğunu bildirərək, klinikaya dəvət edib. İyunun 11-də Aybəniz Almuradovanı əməliyyat etmək üçün anesteziya edilib. Hər şey də bundan sonra başlayıb:
"Əməliyyat otağında anestezioloq Babək Mahmudov iynəni vurub, iynənin düzgün vurulub-vurulmadığı sual altındadır. Çünki xəstəxananın kameraları sındırılıb. Ona görə də əməliyyat otağında nə baş verdiyini dəqiq bilmirəm. Xəstəxananın direktoru Əli Hüseynov, anestezioloq Babək Mahmudov və həkim Mətanət Eyvazova - hamısının əli var bu işdə. Bacım komada olanda öyrəndik ki, Mətanət Eyvazovanın heç bir ali təhsili yox imiş. Həmin şəxs lazeroloq işləyirmiş, 6 aydır ki, bu işi kursa gedərək öyrənib. Sadəcə əlində kurs sertifikatı olan bir adam həkim kimi işləyib. Heç bir səlahiyyəti olmadan... Biz ondan diplomunu tələb etdik, gətirmədi. Anestezioloq B.Mahmudovdan da tələb elədik. Mənə gətirdiyi diplom odur ki, adam müalicə işi üzrə keçən il universitet bitirib. Onun anesteziologiya üzrə heç bir təcrübəsi yoxdur".
Mərhumun bacısının sözlərinə görə, xəstəxana da qanunsuz fəaliyyət göstərirmiş:
"Əli Hüseynov da "Reo-Med" klinikasını qanunsuz işlədirmiş. Binəqədi Rayon Prokurorluğundan bildirdilər ki, bizim o xəstəxanadan xəbərimiz yox idi. Bir ay əvvələ kimi biz o xəstəxananı bağlı bilirdik. Oradan şikayət olunub. Bir xanım əməliyyat olunub, bədənində çürümə gedir. Düzdür onu Mətanət etməyib. Başqa həkim edib, amma o xəstəxanada olub. Biz şikayətə gedəndən sonra bildik ki, qanunsuz şəkildə işlədilib. Tibb bacılarının, həkimlərinin ali savadı yoxdur ".
Gülər Əliyeva deyir ki, bacısına ilkin tibbi yardım göstərilməyib:
"Qan analizi alınıb. Başqa analiz alınmayıb. Amma başqa analizlər də alınmalıydı. Əməliyyat otağında ilkin tibbi yardım göstərilməyib. Süni tənəffüs aparatı olmayıb. Sübutla, faktla bunlar mənim əlimdə var.
Digər klinikadan gələn komanda soruşdu ki, niyə bu aparatlara qoşulmayıb? Deyiblər ki, yox idi. Əgər yoxdursa, niyə sən məsuliyyətsizlik edib əməliyyat edirsən? Kimsə bilməsin deyə xəstəxanada 4 saat yubadılıb. Baxıblar ki, əlac yoxdur. Sonra müraciət ediblər. Əvvəlcə başqa klinikaya aparıblar. Daha sonra Neftçilər xəstəxanasına köçürülüb. 21 gün komadan sonra iyulun 2-də vəfat edib. Bildiyimizə görə, həkim hələ də xəstə qəbul edir və əməliyyatlar aparır.
Mətanət Eyvazova deyə bilər ki, bacıma əli dəyməyib, anestezioloq edib, amma o məsuliyyət daşıyırdı. Niyə xəstəni təcrübəsi olmayan anestezioloqa əmanət edirsən? Kimlərisə bədbəxt edirsən. Ona həkim deyilməməlidir, o lazeroloqdur. Biz xəstəxanadan da, həkimlərdən də şikayətçiyik. Bacımın iki balası yetim qaldı. Hər gün analarını soruşurlar. Nə cavab verəcəyimizi bilmirik. Həmin şəxslər qanun qarşısında cavab verəcəklər".
Almaz Qasımova
Rəylər